Rus hərbçilər Bakı-Supsa kəmərini ələ keçirir – VİDEO
Rusiya hərbçilərinin Gürcüstan-Cənubi Osetiya sərhədində, beynəlxalq Bakı-Supsa neft kəmərinin keçdiyi hissədə sərhəd xəttini irəli çəkməsinə etiraz olaraq bir qrup gürcüstanlı jurnalist sərhəd kəndində Rusiyaya qarşı aksiya keçirib.
Əllərində Gürcüstan və NATO bayraqları tutan etirazçılar beynəlxalq neft kəmərinin keçdiyi əraziyə yaxınlaşaraq “İşğala son qoyulsun” plakatını qaldırıb.
Jurnalistlər bununla kifayətlənməyərək, Gürcüstanla Osetiya sərhədini ayıran yazı lövhəsini yerindən qopararaq, zədələyib və sonradan bir kənara atıb. Sərhədin yenidən çəkilməsindən sonra neft kəmərinin bir hissəsi faktiki olaraq Rusiya hərbçilərinin nəzarətində olan ərazidə qalıb. Yeni sərhəd Gürcüstan paytaxtına aparan əsas magistral yoldan yalnız 500 kilometr aralıdadır.
ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Rusiyanın nəzarətində olan Çxinvali regioununda rusların son günlərdə yenidən aktivləşməsi və özlərinin təyin etdiyi sərhəd xəttini bir qədər də irəli çəkməsi xəbəri ölkə gündəmini zəbt edib.
Daha çox narahatlıq yaradan məqamlardan biri və ən başlıcası isə strateji obyektin - Bakı-Supsa neft kəmərinin taleyidir.
Kəmərin tanınmamış Cənubi Osetiya ərazisində qalan hissəsinə mümkün qədər yaxınlaşa bilməyimiz üçün uzun uzadı müraciətlər və müzakirələrdən sonra ərazidə növbə çəkən gürcü hərbçilərinin müşayiətilə bir neçə dəqiqəlik çəkiliş apara bildik.
Bu Axalqori rayonunun Orchosani kəndinin ərazisidi. Bakı-Supsa neft kəmərinin bir kilometr yarımdan artıq hissəsi bu kəndin ərazisindən keçir. Və həmin hissə hazırda tamamilə Rusiyanın nəzarətində olan torpaqlarda qalıb.
Əraziyə baxdıqda da aydın görünür ki, kəmərin keçdiyi hissəni göstərən nişan “Cənubi Osetiya Respublikası” yazılmış trafaretdən arxada qalır.
Dövlət televiziyasında yaranmış vəziyyəti şərh edən Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze Bakı-Supsa neft kəmərinin taleyilə bağlı sualları da cavablandıraraq bu məsələnin hökumətin ciddi nəzarətində olduğunu deyib:
“2008-ci il müharibəsindən sonra BP Gürcüstan Bakı-Supsa kəmərinin 1605 metrlik hissəsinə daxil ola bilmir. Bu günədək kəmərin istismarı ilə bağlı problem yaşanmayıb. Əgər problem yaşansa, BP öz fəaliyyətini yerinə yetirə bilməsə, əlbəttə ki, alternativ variantlar təklif ediləcək və bu problemdən çıxış yolu tapılacaq”.
BP Gürcüstan da məsələyə münasibət bildirərək qeyd edib ki, şirkət kəmərin marşrutunu dəyişməyə hazırdır. Açıqlamada deyilir ki, əslində belə bir plan xəttin istifadəyə verildiyi gündən mövcuddur.
Vəziyyətlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən də reaksiya gəlib. Şirkətin vitse-prezidenti Elşad Nəsirov deyib ki, Bakı-Supsa neft kəmərinin Cənubi Osetiya ərazisində keçən bir neçə kilometrlik hissəsi maşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Digər bir tərəfdən hansısa problem yaranarsa bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq.
Rusların Gürcüstanın içərilərinə doğru irəliləmələrində daha bir təhlükə isə Tiflis-Batumi avtomagistralının ələ keçirilməsi təhlükəsidir. Bu yol Tiflislə qərbi Gürcüstanı, Acarıstanı, o cümlədən ölkəni Türkiyə ilə birləşdirən yeganə avtomobil yoludur.
Rəsmi məlumata görə, isə rus sərhədçilərinin yerləşdiyi ərazidən bu magistrala cəmi 450 metr məsafə qalıb.
Digər bir məlumata görə, isə ruslar Axalqorinin içərilərinə doğru bir kilometrə qədər irəliləyiblər.
Bölgədə yaranmış vəziyyətin ciddiliyini anlayan Avropa Birliyi Müşahidə Missiyası da ərazidə fasiləsiz olaraq monitorinqlər aparır.
Mənbə:> ANSPRESS