Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşür və özünü partladır
Rusiya Hava Kosmik Qüvvələrinin ötən gün Suriyanın İdlib vilayəti üzərində “Ən-nüsra Cəbhəsi” terrorçuları tərəfindən vurulan Su-25 təyyarəsinin pilotu katapult edərək paraşütlə yerə enəndən sonra onu əsir götürməyə çalışan terrorçularla atışmaya girib.
Virtualaz.org xəbər verir ki, bundan əvvəl yaraqlılar təərfindən pilotun xidməti “Steçkin” tapançasının və güllə daraqlarının görüntüləri yayılmışdı. Görüntülərə əsasən 20 güllə tutan daraqlardan biri tamamilə boşalmışdı, ikinci daraq isə yarıya qədər boş idi. Bu görüntülər pilotun yerə enəndən sonra terrorçularla atışmaya girdiyi qənaətini yaradırdı.
Bu gün internetdə Suriya terrorçularının fəaliyyətini izləyən “Directorate” Telegram-kanalında Rusiya pilotunun həqiqətən döyüşə girdiyini göstərən kadrlar yayılıb. Bir neçə saniyəlik görüntülərə əsasən silahlıların bir qrupu pilotu əsir götürməyə çalışır, lakin pilot onlarla döyüşür və sonda əsir düşməmək üçün özünü qumbara ilə partladır.
Rusiya Müdafiə Nazirliyi pilotun terrorçularla döyüşdə həlak olduğunu təsdiqləyib, lakin hələlik onun kimliyini açıqlamayıb.
Mənbə:> Virtualaz.org