PKK-nın 2 qadın lideri öldürüldü
Türkiyə Silahlı Qüvvələri separatçı terror təşkilatı PKK-ya qarşı “Şəhid siravi əsgər Ömər Kağan Kandemir” adlı əməliyyat keçirib.
Əməliyyat zamanı xeyli terrorçu məhv edilib. Hərbi mənbələrdən verilən məlumata görə, əməliyyat zamanı çox sayda “F-16” və “F-4” təyyarələri başda Metina düşərgəsi olmaqla xeyli hədəfi bombardman edib.
Əməliyyat zamanı hədəflər barədə kəşfiyyat məlumatları və dəqiqləşdirmələrdən istifadə olunub. Koordinatları müəyyən olunan və səhvsiz yerinə yetirilən əməliyyatda smart-bombalardan istifadə olunub.
Əməliyyatda PKK terror təşkilatı adiminstrasiyasından olan, PJAK (PKK-nın İrandakı qanadı olan Kürdüstan Azad Həyat Partiyası) üzvü iki qadın terrorçu da zərərsizləşdirilib.
Hərbi mənbələr əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin mülki əhalini qətiyyən hədəfə götürmədiyini vurğulayıb, bu istiqamətdə iddiaların əsassız və PKK terror təşkilatının dezinformasiyası olduğunu bildirib.
Rəsmilər bildirib ki, əməliyyat zamanı çox sayda terrorçu məhv edilib.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, 100-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.
Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.
Xəbərdarlıqdan sonra Türkiyə Hərbi-Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.
Həmin gün səhərə yaxın Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.
Mənbə:> ANSPRESS