Surucda ölənlərə xüsusi status veriləcək
Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda törədilmiş terror hadisəsi zamanı dünyasını dəyişənlərə xüsusi status veriləcək. ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində ölən əksəriyyəti ali məktəb tələbəsi olan 32 nəfər "mülki şəhid" sayılacaq. Həmçinin ölənlərin əvvəla qardaşları, olmasa ana və ataları dövlət sektorunda işlə təmin olunacaqlar.
Ailə və Sosial Siyasət nazirliyi tərəfindən 2013-cü ildə çıxarılan qanun çərçivəsində ilk dəfə “terrordan zərərçəkmiş mülki əhali” üçün bəzi statuslar verilmişdi. Bu qanunla zərərçəkmişlərin yaxınlarının dövlət sektorunda işlə və ya pensiya ilə təmini nəzərdə tutulurdu. Bu qanun 2008-ci il iyulun 27-də İstanbulun Güngören rayonunda 17 nəfərin öldüyü, 154 nəfərin yaralandığı terror hücumu və 2010-cu ilin ramazan bayramında Qaziantep Qumrularda ölənləri və çox sayda terrordan zərərçəkən mülkiləri əhatə etmişdi.
Bu baxımdan Surucda dünyasını dəyişənlərin də həmin çərçivədə dəyərləndirilməsi irəli sürülür.
Surucda baş verən partlayış meriyada yaradılmış komissiya tərəfindən incələnəcək. Komissiya qanlı hadisəni terror, ölənləri terrordan zərərçəkənlər kimi dəyərləndirsə dünyasını dəyişənlərə "mülki şəhid" statusu veriləcək.
Bundan sonra “mülki şəhidlərin” qardaş və ya bacıları, yoxdursa ana və ataları dövlət sektorunda işlə təmin olunmaq hüququ əldə edəcəklər. Həmçinin bu ailələrə təzminat ödənəcək və qanun çərçivəsində Sosial Təminat Qurumu (SGK) tərəfindən müvafiq pensiya veriləcək.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.
Mənbə:> ANSPRESS