Rusiya hökuməti Azərbaycan ilə sazişi müzakirə etdi
Rusiya Federasiyası hökuməti investisiyaların təşviqi və müdafiəsinə dair Rusiya və Azərbaycan hökumətləri arasındakı sazişin ratifikasiya üçün Dövlət Dumasına çıxarılmasına qərar verib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Rusiya və Azərbaycan hökumətləri arasında investisiyaların təşviqinə və müdafiəsinə dair razılaşma 2014-cü ilin sentyabrın 29-da Həştərxanda imzalanıb.
Daha öncə Nazirlər kabineti qeyd edib ki, hal-hazırda RF və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı investisiyaların təşviqi və investisiya mübahisələrinin həlli məsələləri tam həcmli şəkildə tənzimlənməyib.
Razılaşmanın ratifikasiyası qarşılıqlı investisiyalar və investisiya mübahisələrinin həlli sahəsində normativ hüquqi bazanın yaradılmasına imkan verəcək.
Sənədin qüvvəyə minməsi Rusiya və Azərbaycan investorlarına uzunmüddətli sabitlik və hüquqi məkanda sakitlik, investisiya və ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının fəallaşmasına vasitə olacaq.
Mənbə:> Oxu.Az