Qarabağa sülhməramlılar yerləşdirilir?
ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvana səfəri davam edir. Artıq onların səfəri bəzi məqamları ilə gündəm yaradıb. Ermənilər ATƏT nümayəndələrinin səfərindən istifadə edərək, yenə də Azərbaycanı haqsız yerə günahlandırıb, ölkəmizin əleyhinə ittihamlar səsləndiriblər.
ANS PRESS-in məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenədə yalançı siysətini işə salaraq bildirib ki, Bakının davranışı Qarabağ probleminin həlli üzrə səyləri təhlükə altında qoyur.
Ermənistan prezidenti Serj Sarkisyan iyulun 20-də ATƏT-inin Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Pyer Andryeni (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşiki qəbul edib.
Prezidentin mətbuat xidmətinin bildirdiyi kimi, tərəflər görüş zamanı
Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin indiki mərhələsində çətinlik yaradan və sonrakı addımlar zamanı narahatlıq doğuracaq məsələləri müzakirə ediblər.
Həmin gün vasitəçilər xarici işlər naziri Edvard Nalbandyan ilə də görüşüblər. XİN başçısı həmsədrlərə böhtan xarakterli məlumatlar çatdırıb: "Azərbaycan Silahlı Qüvvələri müxtəlif kalibrli silahlardan istifadə etməklə qoşunların təmas xəttində atəşkəs rejimini pozur".
Görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar da davam etdirilib. Həmsədrlər Vaşinqtonda və Moskvada keçirilmiş görüşlər haqqında nazirə məlumat verib, ilin sonuna kimi nəzərdə tutulan proqramlarından söz açıblar.
E.Nalbandyan deyib ki, Azərbaycan paytaxtında iyulun 12-dən 28-dək keçirilən birinci Avropa Oyunlarından sonra rəsmi Bakıdan yenidən davakar ritorika səslənir və provokasiyalar həyata keçirilir. Bakının "dağıdıcı davranışı" Ermənistanın səylərini və danışıq prosesinin irəliləyişi üzrə həmsədrləri təhlükə altına qoyur.
Bundan əvvəl İrəvanda jurnalistlərlə görüşündə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli üzrə aparılan danışıqların bəndlərindən biri beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi haqqındadır.
"Hərtərəfli həll çərçivəsində bir sıra elementlər üzrə razılıq əldə olunmalıdır. Həmçinin Dağlıq Qarabağ əhalisinin iradəsinin nəzərə alınması, onların öz doğma torpaqlarına, qaçqınların və daxilən yerini dəyişilmiş, köçürülmüş şəxslərin öz evlərinə qayıdışı təmin edilməlidir. Bundan başqa, real təhlükəsizlik üçün möhkəm zəmanət olmalıdır. Bu məqsədlə beynəlxalq sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi nəzərdə tutulur".
C.Uorlikin sözlərinə görə, tərəflər bütün bu detalları müzakirə etmək həddinə çatmayıblar. Ancaq bu son nizama salma üçün lazım olan danışıqların bəndləridir və bunun həlli regionun bütün xalqlarının maraqlarını təmin etməlidir.
O, "ATƏT-in Minsk qrupu Azərbaycanda nifrət toxumlarının əkilməsinin qarşısının alınması üçün hansı təşəbbüsü göstərir?" sualına belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin qarşılıqlı etibarsızlığı həmsədrləri narahat edir. Hər iki tərəfdən etibarın yoxluğu bizdə narahatlıq doğurur. Bu etibarsızlıq sülh prosesinə mane olur. Etibarın bərpası bir gecədə mümkün deyil, bu uzunmüddətli prosesdir. Əvvəl ermənilər və azərbaycanlılar yan-yana yaşayırdılar, bir-biri ilə evlənirdilər və işləyirdilər, amma bu vaxtlar artıq keçmişdə qalıb. Ermənilərin və azərbaycanlıların yeni nəsili artır, hansılar ki, heç vaxt bir-biri ilə ünsiyyətin imkanlarına malik deyillər. Qarşılıqlı etibarın formalaşması üçün tədbirlər görmək lazımdır. Əgər biz uzunmüddətli sülhə cəhd ediriksə, bu, təkcə kağız üzərində ola bilməz. Bu, xalqlar arasında qarşılıqlı etibara əsaslandırılmış şəkildə olmalıdır".
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 20-də İrəvana gəliblər. Regiona səfər çərçivəsində həmsədrlər 22-23-də həmçinin Bakıya baş çəkəcək və Azərbaycanın rəhbərliyi ilə görüşlər keçirəcəklər. Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir. Regiona səfərin əsas məqsədlərindən biri də Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün təşkilinə nail olmaqdır.
Mənbə:> ANSPRESS