Ermənilər Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinin ərazilərini zəbt edirlər
Bir neçə gün əvvəl Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt ediblər.
AzNews.info xəbər verir ki, APA-nın “Rustavi 2” televiziya kanalına istinadən verdiyi məlumata görə, yerli sakinlər bildirib ki, belə addımlar çoxdan başlanıb: "Ermənistan hərbçiləri uzun müddətdir, Təzəkənd kəndinin Ermənistanla sərhəddə yerləşən torpaqlarını zəbt edir, yerli əhali həmin sahəyə keçən kimi saxlayır, hətta cinayət işi qaldırır, xətti keçən mal-qaranı aparır, sərhədə yaxın evlərin onların ərazisinə düşdüyünü iddia edirlər".
Təzəkənd sakinləri bildiriblər ki, onların yaşadığı kəndin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığında olan dağların zirvəsindən keçib:
“Ermənistan sərhədçiləri azərbaycanlıların yaşadığı sərhədyanı kəndlərin 500 metrliyində hərbi baza da tikərək hərbi maşın və əsgərləri oraya yerləşdiriblər. Sadaxlı, Təzəkənd, Xuldərə kənd sakinləri hər an təhlükə içində yaşayırlar. Meşəyə gedən mal-qaranı tutan erməni sərhədçiləri geri qaytarmırlar. Qaytarırlarsa da, bu, uzun müddətli şikayətlərdən sonra Gürcüstan hökumətinin əlaqədar təşkilatları sayəsində mümkün olur. Əhali qorxu içində yaşayır. Hətta olub ki, azərbaycanlıları oğurladıqdan sonra güllələyib, öldürüblər”.
Xatırladaq ki, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məlum olmayan səbəblər üzündən keçirilmir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş Sadaxlı kəndinin ərazilərinə doğru “sürüşdürürlər”.
Mənbə:> APA