Ukrayna Rusiya diplomatını ölkədən qovdu
Rusiya Federasiyasının Ukraynanın Odessa şəhərindəki baş konsulu səlahiyyətlərinin icraçısı “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) materialları əsasında diplomatı ölkədən çıxarıb. “Konsul əlaqələri haqqında Vyana Konvensiyasının 23-cü maddəsinə uyğun olaraq Ukrayna XİN Rusiya tərəfinə bu ölkənin Odessadakı baş konsulu səlahiyyətlərinin icraçısının təcili şəkildə bizim ölkəmizin ərazisini tərk etməsi barədə nota təqdim edib”, - deyə açıqlamada bildirilir.
SBU-nin rəhbəri Vasili Qritsak qərarın həmin şəxsin diplomatik fəaliyyətlə bir araya sığmayan addımları səbəbi ilə qəbul olunduğunu söyləyib. Artıq rusiyalı diplomat Ukraynanı tərik edib.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı səfirliyinin saytında Odessada baş konsul səlahiyyətlərinin icraçısı kimi Valeri Şibenko göstərilir.
Mənbə:> APA