Makedoniya Ziya Məmmədovun oğlunu fəxri konsul təyin etdi
Bu barədə oxu.az məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın ən böyük şirkətlər qruplarından biri olan “Garant Holding”in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində böyük işlər həyata keçirən Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib.
[center]
Bununla bağlı Makedoniyanın xarici işlər naziri Nikola Poposki Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova məktub da göndərib. N.Poposki qeyd edib ki, A.Məmmədovun ölkəsinin Azərbaycandakı fəxri konsulu təyin edilməsi iki dövlət arasında iqtisadi, ictimai, mədəni əlaqələrin daha yüksək səviyyədə inkişafında mühüm rol oynayacaq: “Bu məktubla cənab Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm”.
Mənbə:> Oxu.Az