ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib – FOTO
“Bu axşam Azərbaycanın tolerantlıq ənənəsini davam etdirmək üçün qətiyyət göstəricisidir”.
Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib.
Oxu.Az xəbər verir ki, mərasimdə ölkədə akkreditə olunmuş səfirlər, dini liderlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir Robert Sekuta qonaqları salamlayıb:
“Hörmətli qonaqlar, dini xadimlər, hökumət nümayəndələri dəvəti qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
ABŞ Səfirliyinin hər il açdığı iftar süfrəsi bizi yalnız Azərbaycan və Birləşmiş Ştatlardakı müsəlmanlarla deyil, həm də dünyanın hər yerindəki 1,5 milyard müsəlmanla birləşdirir. Qeyd etmək istərdim ki, Birləşmiş Ştatlarda təxminən 2,6 milyon müsəlman yaşayır və 2030-cü ilə qədər onlarının sayının 6,2 milyona qədər artması gözlənilir ki, bu da əhalinin təxminən iki faizini təşkil edəcəkdir”, - səfir deyib.
Səfir bildirib ki, olkəyə gələrkən Azərbaycanın bir sıra xüsusiyyətləri ilə tanış olub, bunlardan biri də tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hormətlə yaşamasının qədim tarixə malik olmasıdır.
“Quran dini mənsubiyyətindən asılı olmayraq hər bir insana qarşı sevgi və şəfqət hissi aşılayır. Biz yalnız özümüzdə bu keyfiyyətləri aşılamaqla birgə irəliləyə və qarışıq dünyamızda bəlaların öhdəsindən gələ bilərik. Bu axşam müxtəlif məzhəb və milliyyətlərdən olan insanların iştirakı irəli getmək, Azərbaycanın tolerantlıq ənənəsini davam etdirmək üçün qətiyyət göstəricisidir. Beləliklə, mən sizi iftar süfrəsində sevgi, şəfqət və tolerantlıq mühitində salamlayıram”, - Robert Sekuta qeyd edib.
Daha sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad çıxış edib.
Hacı Fuad qonaqları və dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib.
Mənbə:> Oxu.Az