Prezident qubernatoru qəbul etdi
Prezident İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.
Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> ANSPRESS