Qərbin uzun əli: Rusiyaya qarşı 52 milyard dollarlıq hökmün icrası başladı
İyunun 18-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumun - “rus Davosu”nun işə başlamasından az sonra informasiya agentliklərinə sızan məlumat Rusiyanın siyasi və biznes elitasının qanını əməlli-başlı qaraldıb.
Virtualaz.org saytı xəbər verir ki, günün ikinci yarısında Belçikada Rusiyanın dövlət aktivlərinə həbs qoyulduğuna dair təsdiqlənməmiş xəbərlər yayılıb.
Əvvəlcə bildirilib ki, həbs Avropa İnsan Haqları Məhkəməsinin ləğv edilmiş YUKOS neft şirkətinin iddiası əsasında ötən ilin noyabrında çıxardığı 1,6 milyard dollarlıq kompensasiya qərarı əsasında qoyulub.
Lakin daha sonra Avropa İnsan Haqları Məhkəməsi bunu təkzib edib. Məlum olub ki, Rusiya aktivlərinə həbs qoyulması Haaqa Beynəlxalq Arbitrajının YUKOS-un iddiası əsasında onun sahiblərinə 50 milyard dollar kompensasiyanın ödənilməsinə dair ötən il çıxardığı qərara əsaslanır. Bunun ardınca Fransada da Rusiyanın dövlət akivlərinə həbs qoyulduğuna dair xəbərlər gəlməyə başlayıb.
Qərbin Rusiyaya qarşı sərt iqtisadi sanksiyalarının qüvvədə olduğu bir vaxtda Sankt-Peterbuq iqtisadi forumu xarici investorları ölkədə işləməyin hələ də mümkün olduğuna inandıra bilmək üçün fürsət hesab oluna bilərdi. Və görünür, Rusiyanın Avropa ölkələrindəki aktivlərinə həbs qoyulması üçün düyməyə məhz bu forumla eyni gündə basılması da təsadüfi deyildi.
Qərb investorların Rusiyaya olan-qalan inanımı da sarsıtmaq və bu ölkə ilə biznesin necə təhlükəli iş olduğunu əyani göstərmək istəyirdi.
Forumda iştirak edən Rusiya rəsmiləri əvvəlcə xəbərlərə əsəbi reaksya veriblər. Rusiya Dövlət Dəmir Yollarının rəhbəri Vladimir Yakunin Belçikadan gələn xəbərlərə “mən idiotlara qarşı heç nə deyə bilmərəm, qoy həkimə müraciət etsinlər” cavabını verib.
“Rosneft” vitse-prezidenti Mixail Leontyev isə “görünür, pivəni çox içiblər, bu isə bizim problem deyil” deyib.
Ancaq aktivlərə həbs qoyulmasının YUKOS-un törəmə şirkəti “Yucos Universal Limited” şirkətinin iddiası əsasında Haaqa Arbitrajının çıxardığı 50 milyard dollarlıq kompensasiya qərarı ilə bağlı olduğu dəqiqləşəndə rəsmilərin arasına ağır sükut çöküb. Çünki söhbətin kifayət qədər ciddi məbləğdən və uzun illər davam edəcək məhkəmə çəkişmələrindən gedəcəyi aydın idi.
İşə Rusiya XİN qarışıb və Belçikanın Moskvadakı səfiri nazirliyə çağırılıb. Ona xəbərdarlıq olunub ki, bu addım qeyri-dost hərəkətidir və Belçika hökuməti Rusiyanın suveren hüquqlarının bərpasına dair təcili addımlar atmalıdır. Bildirilib ki, əks halda Belçika Krallığının Rusiyadakı əmlakına həbs qoyulacaq.
Məlum olub ki, Rusiyanın Belçikadakı səfirliyini və Avropa İittifaqı yanındakı daimi nümayəndəliyinin də bank hesablarına həbs qoyulub.
Ədliyyə naziri Aleksandr Konovalov bunu “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb. Fransada isə Rusiya dövlət KİV-lərinin aktivlərinin dondurulduğu bildirilir.
Ən təhlükəlisi odur ki, həbs qoyulma zəncirvari xarakter alacaq və daha bir neçə Avropa ölkəsi Rusiyanın əmlakına, bank hesablarına həbs qoyacaq.
Yaranmış vəziyyətin siyasi nəticələri isə kifayət qədər ağır ola bilər. Birincisi, Rusiya YUKOS işi üzrə Avropa Məhkəməsinin çıxardığı kompensasiyanı ödəməlidir, əsk halda Avropa Şurasından çıxmalıdır. İkincisi, Haaqa Arbitrajının 50 milyard dollarlıq hökmü Rusiyanın xaricdə çoxsaylı aktivlərinə həbs qoyulması ilə nəticələnəcək. Bu isə Rusiyada biznes mühitinə sarsıdıcı zərbə vura bilər.
Birincisi, biznesini offşorlardan Rusiyaya qaytarmaq istəyənlər qorxacaqlar. Çünki Rusiya cavab olaraq həmin aktivlərə həbs qoya bilər. İkincisi, offşorlarda aktivləri olan rusiyalı biznesmenlər təşvişə düşəcəklər. Çünki onların da aktivləri artıq qarantiya altında deyil. Nəticədə biznes elitası və hakim elita içərisində əsəbi durum yaranacaq, bu vəziyyət hakimiyyətə ciddi təzyiq elementinə çevrilə bilər.
Haaqa Arbitrajı YUKOS-un işi üzrə hökmü bu şirkətin keçmiş sahibi Mixail Xodorkovskinin Rusiya həbsxanasından buraxılmasının ardınca çıxarıb. Doğrudur, Xodorkovski özü bu iddiaya aidiyyətinin olmadığını, YUKOS-un səhmlərinin hüquqi varisinin “Yucos Universal Limited” şirkəti olduğunu bildirib. Lakin istisna deyil ki, həmin offşor şirkətin özü elə Xodorkovskiyə - uzun illərdir Vladmir Putinin ciddi başağrısına çevrilmiş keçmiş oliqarxa bağlıdır.
Və Xodorkovski hazırda Qərbdə Putinə qarşı fəal müxalifətdədir, onun hakimiyyətinə qarşı təbliğat aparır, toplantılar keçirir, çıxışlar edir. Rusiya elitasına qarşı sanksiyalara dəstək verir.
Deməli, Haaqa Arbitrajının hökmü əsasında Rusiyaya məxsus aktivlərə həbs qoyulması prosesinin başlaması da Xodorkovski&Co - keçmiş oliqarxla onun Qərbdəki dostlarının Putinə qarşı fəaliyyətinin bir hissəsidir.
Vaxtilə Putin Xodorkovskini həbsə atdıranda və onun şirkətini faktiki müsadirə edəndə görünür, 10 ildən sonra bunun Rusiyaya qarşı ciddi iqtisadi təzyiq alətinə çevriləcəyini nəzərə almamışdı.
Mənbə:> Virtualaz.org