Süleyman Dəmirəlin ANS-ə müsahibəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Süleyman Dəmirəlin ANS-ə müsahibəsi – VİDEO

Süleyman Dəmirəlin ANS-ə müsahibəsi


ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bir neçə il əvvəl "Bizim ulduz" layihəsi ilə əlaqədar Türkiyənin IX prezidenti Süleyman Dəmirəlin qonağı olmuşdu. S. Dəmirəl yaxın dostu, Azərbaycanın yeni tarixinin müəllifi Heydər Əliyev barədə xatirələrini Vahid Mustafayevlə bölüşüb. ANS PRESS həmin müsahibəni oxucularına təqdim edir:

Vahid Mustafayev: - Süleyman bəy, hər şeydən əvvəl bizi burada, öz iqamətgahınızda qəbul etdiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Bilirsiniz ki, bizim bugünki görüşümüz sizin dostunuz rəhmətlik Heydər Əliyevlə əlaqədardır. Və onunla əlaqədar sizə onun ən yaxın silahdaşı kimi suallarım var. Ən maraqlı sual odur ki, siz onunla necə və nə zaman tanış oldunuz, o, Sovet İttifaqı zamanı lider olanda, yoxsa müstəqil Azərbaycanın lideri olandan sonra?

Süleyman Dəmirəl: - İzah edim. Allah rəhmət eləsin, dəyərli, böyük insan, böyük dost, Azərbaycan dövlətinin qurucusu, türk dünyasının ulduzu olan bu böyük adama Allah rəhmət eləsin! Deyirlər ki, insanın vaxtı gəldiyi zaman onu saxlamaq olmaz. İnsanın vaxtı nə zaman gələr, onu biz bilmərik. Amma bildiyimiz bir şey var ki, 90-cı illərin əvvəlində Heydər Əliyevin vaxtı gəlmişdi; ortaya çıxmaq vaxtı idi, ulduz olmaq vaxtı gəlmişdi. Və onu kimsə saxlaya bilməzdi.

Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim; o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadaki kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq. O tarixdə hörmətli Heydər Əliyev Bakıda idi. Amma ön sırada deyildi.

Vahid Mustafayev: - Onda Dövlət Təhlkəsizlik Komitəsinin sədri işləyirdi.

Süleyman Dəmirəl: -Bəli. Onlar da çox böyük diqqət göstərdilər. 80-ci illərdə Heydər Əliyevi təqibə başladıq. Yəni bir türk lideridir, necə bir plan cızacaq, o planı ki, heç kimin təxmin etmədiyi bir zamanda - çünki Sovetler Birliyinin dağılacağını kimsə zənn etmirdi. Müstəqil dövlətlərin əmələ gələcəyini kimsə zənn etmirdi. Bu müstəqil dövlətlər çıxsalar nə edəcəklər, ayaqda dura biləcəklər, ya yox? Onu kimsə təxmin etmirdi. Belə bir zamanda Naxçıvana gəldi. Yəni, Moskvada ona verilmiş böyük vəzifəni buraxmaq məcburiyyətində qaldı. Naxçıvana gəldiyi zaman biz ona olan borcumuzu yerinə yetirdik. Mən hökumət başçısı idim. Ankaraya gəldi, oturduq danışdıq. Bakı qarışmışdı. Ayrı-ayrı qruplar iqtidar dalınca qaçırdı. Bizim üçün, Türkiyə üçün əsas olan hadisə heç olmasa bu dəfə Azərbaycan Respublikası olmalı və yüksələn bayraq enməməli idi. Rəsulzadənin bəyanatı yerinə yetirilməmişdi, bu dəfə yetirilməlidir. Yəni Azərbaycandakı dostlarımız, tanışlarımız, qardaşlarımız iqtidar mücadiləsi üçün bu fürsəti qaçırsalar, pis olar. Bizim Azərbaycana baxışımız hər zaman belə olub. Atatürk gözəl söyləmişdi: “Azərbaycanın kədəri kədərimiz, sevinci bizim sevincimizdir”. Və gerçəkdə ondan artıq bir şey oldu - Sovetlər Birliyi dağıldı, Azərbaycan müstəqilliyini əldə etdi. Və o an biz Heydər Əliyevlə görüşməli idik.

Vahid Mustafayev: - Naxçıvanda?

Süleyman Dəmirəl: - Xeyr, Ankarada.

Vahid Mustafayev: - Ankarada. Öncə Ankarada oldu görüş...

Süleyman Dəmirəl: - Mənim Heydər bəyə söylədiyim şey: “Artıq Naxçıvanda oturma, Bakıya get!”.

Vahid Mustafayev: - Neçənci ildə oldu bu?

Süleyman Dəmirəl: - 1991-ci ildə. Artıq səhnə Bakı idi. O zaman təbii, türkcə danışan respublikaların dövlət başçıları, hökumət başçıları bura gəlib-gedirdi. Hamısı bizimlə əlaqəli idi. Biz onların hamısına yardımçı olurduq. Onunla mən baş nazir kimi, hörmətli Turqut Özal prezident kimi danışdı. Hər ikimiz Heydər bəyi sevdik. Onun çox dəyərli bir adam olduğu, Azərbaycana böyük xidmət göstərə biləcəyi qənaətinə gəldik. Və o gündən etibarən dostluğumuz başladı.

Vahid Mustafayev: - 1969-cu ildə Heydər Əliyev Sovet Azərbaycanında hakimiyyətə gəldi. Ondan sonra isə 80-ci illərin əvvəlində o, Moskvaya bütün SSRİ-nin baş nazirinin birinci müavini vəzifəsinə gəldi. Və o, ilk türk lideri idi ki, SSRİ-də belə yüksək vəzifəyə gəlib çıxırdı. O, məhz SSRİ-nin xarici ölkələrlə olan münasibətləri ilə məşğul olurdu. Həmin vaxt Türkiyə ilə hansısa münasibətlər var idi, ya yox? Ona görə ki, sizin yadınızdadırsa, SSRİ-də pantürkizm məsələsi var idi. Türklərə qarşı həmçinin DTK tərəfindən böyük işlər aparılırdı. Amma Heydər Əliyev Rusiyada, Moskvada SSRİ-nin baş nazirinin birinci müavini olarkən xarici dövlətlərlə işbirliyinə başladı. Onda Türkiyə ilə iş birlikləri var idi?

Süleyman Dəmirəl: - Xeyr. Açıqda yox idi. Səbəbini söyləyim. Biz Sovetlər Birliyinin slavyan əsilli idarəçilərinin Türkiyəyə qarşı həssaslığını bilirdik. Və türkcə danışan bütün dövlətlər Sovetlər Birliyinin tərkibində idi, yalnız Türkiyə bunun xaricində idi. Böyük Türk dünyasının bayrağı Türkiyənin bayrağı idi. Ona görə biz mümkün qədər Azərbaycan idarəçiliyinə, azərbaycanlı bir kəsə zərər vermək istəməzdik. Ona görə həmin zamanlarda uzaq durmuşduq ki, hər hansı qarşı tərəfin oyunlarına girməsin. Bu bizim vəzifəmizdir.

Vahid Mustafayev: - Süleyman bəy, Naxçıvan hadisələri də hələ Sovetlər dağılmamış başladı və yadınızdadırsa, Naxçıvan çox pis günlərini yaşayırdı. İşıq, elektrik yox idi, yemək-içmək tapılmırdı. Və o zaman sizin və Heydər Əliyevin təşəbbüsü ilə bir körpü tikildi. Bu körpünü sonra naxçıvanlılar “Ömür” körpüsü adlandırdılar. Ona görə ki, o körpü ilə yük maşınları ilə yardım gəlməyə başladı.

Süleyman Dəmirəl: - Bəli, o, “Ümid” körpüsü idi. Heydər bəylə bərabər açdıq. Azərbaycanda bu gün müxalifətdə olan tanışlar da var idi, İsa Qəmbər-filan da var idi. Çox gözəl bir gün idi, böyük gün idi. O körpü - Türkiyə ilə Azərbaycan arasında, Naxçıvan arasında 8 kilometrlik bir sərhəd var idi – o, dünyaya açılan bir pəncərə idi. Təbii ki, biz İğdırı vilayət etdik. Vilayət olandan sonra, İğdır ilə Naxçıvan çox yaxın təmasa girdilər. Daha sonralar Naxçıvanda yetişən çuğunduru Türkiyəyə gətirdilər, fabriklərdə emal etdilər. Alış-veriş oldu, çox gözəl şeylər oldu. O, çox gözəl körpü idi, onu Heydər bəylə biz açdıq.

Vahid Mustafayev: - O zaman yadınızdadırsa, Ermənistan tərəfindən silahlı bir müqavimət, basqı da var idi Naxçıvana. Demək olar ki, ən yüksək zirvələrdə erməni qoşunları var idi və onların əsas məqsədləri Naxçıvanı ələ keçirmək idi. Onlar deyirdilər ki, Naxçıvan erməni torpaqlarıdır və s. Lakin Heydər Əliyev bunun qarşısında tab gətirdi və eyni zamanda sizin də bu işdə dəstəyiniz var idi. Hərbi nöqteyi-nəzərindən dəstək var idimi və bu necə olurdu?

Süleyman Dəmirəl: - Naxçıvanın xüsusi bir statusu var idi. Naxçıvanın statusu Türkiyə ilə Ermənistan arasındakı Gümrü razılaşmasına bağlı idi. Ona görə hər hansı dəyişiklik etmək istəsəydilər, Türkiyənin razılığı olmasaydı, mümkün deyildi. Əgər bir dəyişiklik etmək istəyirdilərsə, o zaman Türkiyə müdaxilə edər, işə qarışardı. Bir o tərəfi var, bir də təbii ki, rəsmən olmasa belə, qeyri-rəsmi olaraq, ordakı hadisələri çox yaxından izləmişik. Və durduğu yerdə erməni əhalisinin Naxçıvana yayılması bizi narahat edər. Bu, vaxtilə məqsədli şəkildə düşünülmüşdü.

Vahid Mustafayev: - Bir müddət keçəndən sonra Heydər Əliyev Bakıya gəldi. Bu vaxt sözsüz ki, sizin yadınızdadır. Heydər Əliyev sizin haqqınızda danışanda deyərdi, mənim böyük dostum və qardaşım Süleyman Dəmirəl. Bu zaman sizin dəstəyiniz necə oldu? Necə oldu ki, Bakıya gəldi? Axı çox çətin idi, hətta böyük bir risk var idi.

Süleyman Dəmirəl: - Bakıya gəldi. Elçibəy də bizim dostumuz idi. Elçibəyə, Heydər bəyin mütləq vəzifəyə gətirilməsini mən söylədim, yəni “Heydər bəydən uzaq durma! Sənin yararlana biləcəyin ən əhəmiyyətli adam Heydər Əliyevdir”.

Vahid Mustafayev: - Elçibəy Ankaraya gələndə...

Süleyman Dəmirəl: - Bəli. Ankaraya gələndə. Elçibəylə Heydər Əliyevin münasibətlərini qurduq. Sonra Elçibəy Bakını qoyub Ordubada gedərkən oranı Heydər Əlivevə buraxdı. Bizdən soruşdu ki, neyləyim, dedik ki, düz edirsən. Yəni, o münasibət Elçibəy vasitəsilə olub.

Vahid Mustafayev: - Yadınızdadırsa, Bakıda vəziyyət çox gərgin idi. Bakıya ordu gəldi.

Süleyman Dəmirəl: - Biz oranı hər gün izləyirdik, hər gün.

Vahid Mustafayev: - Elçibəyin sonda Heydər Əliyevi dəvət etmək qərarında sizin hansısa rolunuz oldumu?

Süleyman Dəmirəl: - Oldu!

Vahid Mustafayev: - Siz o zaman bilirdiniz ki, vəziyyət çox pis ola bilər və Azərbaycan dövlətçiliyi ümumiyyətlə itirə bilər?

Süleyman Dəmirəl: - Əlbəttə. Əslində Azərbaycanda, bir az əvvəl söylədiyim kimi, müxtəlif hərbi və mülki qruplar bir-birilə savaşa girərsə, ermənilərin və Azərbaycanın düşmənlərinin tam dediyi olar. Onun üçün o olmamalı idi, güclü hakimiyyət qurulmalı idi. Və o hakimiyyəti Heydər Əliyev qurdu, yaxşı qurdu.

Vahid Mustafayev: - Elçibəy də sizin dostunuz idi, rəhmətlik Heydər Əliyev də. Amma siz Heydər Əliyevi seçdiniz.

Süleyman Dəmirəl: - Elçibəy o işə dözə bilməzdi. Elçibəy böyük vətənpərvər bir adam idi. Böyük türkçü idi, Elçibəyi sevirik. Amma o iş səbr, mətanət istəyir, yəni ayrı bir vəziyyət istəyir.

Vahid Mustafayev: - Siz yüzdə-yüz bilirdiniz ki, Heydər Əliyev bunu edər.

Süleyman Dəmirəl: - Bəli, biz o qənaətə 3 il əvvəl gəldik.

Vahid Mustafayev: - Haradan bildiniz bunu, necə bu qənaətə gəldiniz?

Süleyman Dəmirəl: - Onun ölçüsü yoxdur, insanlar bir-birilə danışar və nə olduğunu anlar. Əgər bunu anlamırsınızsa, danışmayın.

Vahid Mustafayev: - Çox gözəl. Heydər Əliyevin xarakterinin hansı xüsusiyyətləri sizin xoşunuza gəldi?

Süleyman Dəmirəl: - Biz Azərbaycana da, Naxçıvana da kredit verdik. Naxçıvanın aclıqdan qurtulması o kreditin sayəsindədir. Sonra tənqid etdilər ki, Naxçıvan dövlət olmadığı halda ora necə kredit verirsiniz? Mən dedim ki, vermək olar, verdik. Məsuliyyət məndədir, mən vermişəm.

Vahid Mustafayev: - Onun xarakterinin hansı tərəfi sizin xoşunuza gəlirdi?

Süleyman Dəmirəl: - Fövqəladə zəkalı biri idi, macəra insanı deyildi - hə, hə, yox, yox! Edə bilməyəcəyi işə “hə” deməzdi. Zehnində tərəddüd yox idi. Tez qərar verərdi. Düşünüb-daşınıb tez qərar verirdi. Verdiyi qərarlar doğru idi. Və tam bu işin adamı, dövlət adamı idi. Mətanət sahibi idi. Olan hadisələrdən panikaya düşmürdü, panika yox idi. Nə düşündüyünü anlamazdın, soyuqqanlı idi... Sonra bizim ayrıca şəxsi tanışlığımız, dostluğumuz oldu. O ayrı bir şey. Bir-birimizi sevdik.

Vahid Mustafayev: - Şəxsi dostluğuniz nə vaxt oldu?

Süleyman Dəmirəl: - Mən Bakıya gedər-getməz. Sonra həmişəlik davam etdi. Xəstələndi, məni axtardılar, dərhal təyyarə göndərdim, gecəyarısı xəstəxanaya gətirdilər. Burada müalicə olundu, əslində çox yaxşı müalicə olundu. Hər gün getdim, xəstəxanada ziyarət etdim. Sonra Klivlendə getdim, Klivlenddə də türk həkimləri var. Onlara təlimat verdik, məşğul oldular. Sonra birlikdə İspaniya, Portuqaliya və 1999-cu ildə ABŞ-da NATO-nun 50 illiyi münasibətilə keçirilən toplantıya getdik. Hər yerdə birlikdə olduq.

Vahid Mustafayev: - Sizin Heydər Əliyevə inamınızı anladıq. Bəs, Heydər Əliyev bu təklifi sizdən alanda ki, bu işləri etmək lazımdır, Bakıya getmək lazımdır, o, bu təklifi necə qarşıladı?

Süleyman Dəmirəl: - Heydər Əliyev bizi tanıyır. Biz onu macəra üçün hazırlamırdıq. Bu sözlər deyildiyi zaman mən Türkiyədə 10 il baş nazir olmuşdum. Və nələrin içindən keçib gəlmişdim... 1965-ci ildən bəri mən Türkiyədə baş nazir idim. 25 il keçmişdi. Bizim sözlərimizin ciddiliyini ölçəcək qədər ağıllı idi. Onun üçün biz onu macəraya sürükləmədik.

Vahid Mustafayev: - Bəs başqa tərəflərdən hansısa risklər yox idimi, hansısa dövlətlər tərəfindən?

Süleyman Dəmirəl: - Xeyr, heç kimdən. Rusiya dağınıq vəziyyətdə idi. Heç bir şeyə baxacaq halı yox idi. Çox dağınıq vəziyyətdə idi. Amerika da bizə heç nə demədi. Biz Amerikaya dedik ki, bu işi bataqlıqdan çıxara biləcək Heydər bəydir.

Vahid Mustafayev: - O da şəxsən razılaşdı, götürdü o böyük, ağır yükü.

Süleyman Dəmirəl: - Bəli. Əlavə çox işlər gördü. Azərbaycan dövlətini qurmaqla kifayətlənmədi. Azərbaycan dövlətinin iqtisadi gələcəyi ilə bağlı qabaqlayıcı tədbirlər görmək, marksist bir idarəçilikdən çıxıb dünyaya açıq olan bir ölkə yaratmaq üçün özəl təşəbbüslə çıxış etmək böyük bir ağıl işidir. Ölkəsinə çox böyük yaxşılıqlar etdi. Bu yaxşılıqların içərisində əsas odur ki, Qarabağ məsələsində qanı dayandırdı. Bəli, Qarabağ bu gün bir yaradır, amma Qarabağı həll edəcəyik deyərkən, başqa problemlər də çıxa bilərdi. Çünki, Qarabağ böyük dövlətlərin əlinə keçmişdi. Onu çox ustalıqla dayandırdı. Əgər sağ qalsaydı, həllini tapa bilərdi.

Vahid Mustafayev: - Qarabağ olayında sizin hansısa bir dəstəyiniz oldumu?

Süleyman Dəmirəl: - Bir dəstək olacaq hal olmadı. Amma hər zəmində dəstəklədik. Məsələn, Portuqaliyadakı qərarda bizim açıq dəstəyimiz var idi. Sonra biz Azərbaycanın dünyaya inteqrasiya olunmasına çox böyük kömək olduq. Azərbaycanın da, Qazaxıstanın da üzv olmasını Macarıstanda biz irəli sürdük.

Vahid Mustafayev: - Siz bilirsiniz ki, Heydər Əliyev DTK-nın zabiti idi. Bilirsiniz ki, sovetlərdə lider olmuş və vəzifə sahibi olmuş və demokratik Azərbaycanın prezidenti olmuşdu. Süleyman Dəmirəlin gözü qarşısında Heydər Əliyev deyəndə kim durur?

Süleyman Dəmirəl: - Heydər Əliyev DTK-nın rəhbərliyində olmaqla, öz ölkəsinə zərər verib ki? Xeyr! Azərbaycan faydalanıb. Türkiyəyə zərər verib? Xeyr! Zərər də verməyib, fayda da. Ancaq bir adamdan hər şey gözləməyin. Öz ölkəsi üçün onu eləyib. Amma Sovet imperatorluğunun dağıldığını görüncə, niyə Naxçıvana gəldin deyə soruşdum. “Niyə gəldin?”. “Mən türkəm! Mən azərbaycanlıyam. Vətənimə gəldim!” dedi. Məhz onu böyük edən də budur.

Vahid Mustafayev: - Sizin Heydər Əliyevlə bir neçə rəsmi görüşləriniz oldu. Qeyri-rəsmi görüşləriniz oldumu?

Süleyman Dəmirəl: - Çox oldu. Danışmaq üçün bizə rəsmi bir şey lazım deyildi, səhər-axşam telefonla danışırdıq. Bir-birimizə nə var, nə yox, dünyada nə baş verib, danışırdıq. Səmimi idik. Sonra ona sui-qəsd edilməsini xəbər aldım. Kopenhagendəki toplantıda – oradan da Pakistana getməli idik - “Sən birbaşa Bakıya get” dedim. Cavadovun etdiyi sui-qəsd hadisəsi...

Vahid Mustafayev: - Deyirdilər ki, bu olaylarda Türkiyənin hansısa bir rolu olmuşdu. Buna siz necə baxırsınız?

Süleyman Dəmirəl: - Türkiyə Azərbaycanın ayaq üstə durması, inkişafı, yaxşılığı üçün hər şey edər. Azərbaycanı incidəcək ən kiçik bir şey belə etməz. Həmişə belə olub.

Vahid Mustafayev: - Sizin görüşlərdə, danışıqlarda, birgə etdiyiniz hər hansı bir layihədə siz iştirak edirdiniz və Heydər Əliyev. İlham Əliyev iştirak edirdimi?

Süleyman Dəmirəl: - İlham Əliyev səhnədə görünməzdi. Yəni atası iş başında olanda, o görünməzdi. Amma tanış olmuşduq. Çox yaxşı münasibətlərimiz var, çox yaxşı dostluğumuz var. Atasının əmanətini yaxşı saxlayır. Azərbaycanda sülhü, barışı, bərabarəliyi qoruyur. Ən önəmlisi budur. Azərbaycanın memarlığı və inşaatına böyük xidmətləri olub. Amma mən bir şey deyim. Bakı-Tiflis-Ceyhan boru xətti, daha sonra Bakı-Ərzurum xətti Azərbaycanın yeraltı sərvətlərinin dəyərləndirilməsinə yardımçı olub. Bakı-Ceyhan xəttinin arxasında üç insan var – hörmətli Əliyev, mən və Klinton. Bu bizim başçılığımızla olub.

Vahid Mustafayev: - Dediniz ki, Heydər Əliyevlə qeyri-rəsmi görüşləriniz tez-tez olub. Axşamlar telefonla danışırdınız. Bu gün Süleyman Dəmirəl var. Allah rəhmət eləsin, Heydər Əliyev yoxdur. Ona görə bir Azərbaycan xalqı olaraq, istərdik bilək, o sizinlə danışanda Azərbaycanı necə görmək istəyirdi, nə deyirdi, öz arzularından sizə bəhs edirdimi?

Süleyman Dəmirəl: - Bəli, Azərbaycanın bazar iqtisadiyyatının inkişafı və dünyaya açıq bir məmləkət olması, Azərbaycanın Qərb ölkələri ilə yan-yana durmasını istəyirdi. Həmişə bunu istəyirdi. Və biz Azərbaycandan tələbə gətirdik, Azərbaycana da tələbə göndərdik. O zaman məqsədimiz, Azərbaycan dünyaya qapalı olduğu zaman Türkiyə nələr eləmiş, onu görmələri idi. Və o tələbələrin böyük bir hissəsi həm Azərbaycan, həm Türkiyədə iş başındadır. Ən yaxşı layihələrdən biridir. Sonra çox böyük iş birliyi qurduq. Məsələn, bizdə incəsənət bir az zəif idi. Bu gün bizim universitetlərin bir çoxunda rəsm, heykəltaraş, musiqi müəllimlərinin çoxu azərbaycanlılardır.

Vahid Mustafayev: - Süleyman bəy, siz böyük siyasətçisiniz. Demək olar ki, Türkiyənin müasir həyatında sizin çox böyük rolunuz olub. Regionda da inkişafın, sülhün bərqərarında çox böyük rolunuz olub. Yəqin bu gün də izləyirsiniz. Azərbaycanın bugünki durumunu görürsünüz. Sizcə, Heydər Əliyevin istədikləri bu gün Azərbaycanda yer alırmı?

Süleyman Dəmirəl: - Bəli! Məsələ budur – millətin həyatında 5 il, 8 il bir şey deyil. Bir şey başlasa bitəcək. İstiqamət çox doğrudur. Yəni istiqamət barış, bazar iqtisadiyyatı, xüsusi təşəbbüsə və xarici sərmayəyə önəm vermək və xarici bazarlara çıxmaqdır. 1992-ci ildə Azərbaycanın heç bir təşəbbüsü yox idi, girişiniz yox, iş adamı yox idi. Marksistdən iş adamı olmayacaq axı. Amma bu gün Azərbaycanda xeyli iş adamı var, Türkiyədə də azərbaycanlı iş adamları var. Çox sevinməli bir haldır. O istiqamətdir.

Vahid Mustafayev: - Sizcə, o istiqamətin özəyində nə durur? Bu, Heydər Əliyevin hansı düzgün hərəkətlərinin nəticəsi oldu?

Süleyman Dəmirəl: - Heydər Əliyev bir dəfə iqtidara gəldi, “Mən buradan qalxmaram” demədi. Vaxtı gələndə seçkiyə getdi. Və Heydər Əliyev təzyiq etmədi. Heydər Əliyev ilhamını xalqdan aldı və hələ də davam edir. Heydər Əliyev Qərb dövlətlərinin etdiyi doğru hərəkətləri etdi. Etdiyi budur.

Vahid Mustafayev: - Bəs çətin dövrləri, xəstələndiyi dövrləri, Türkiyədə Gülhanədə qaldığı dövrləri - sizin də bu işlərdə böyük zəhmətiniz oldu – sonra Amerikada... Bu zaman siz onunla danışırdınız?

Süleyman Dəmirəl: - Danışırdım. Gülhanədə hər gün danışırdım.

Vahid Mustafayev: - Nə deyirdi sizə, nə düşünürdü?

Süleyman Dəmirəl: - Məmləkətində baş verənləri izləyirdi. Sağalacağına əmin idi. Amma sağalmadı. Burada şəfa oldu, amma sonra...

Vahid Mustafayev: - Düşünürdü ki, rəhmətə gedər? Və ondan sonra?

Süleyman Dəmirəl: - Xeyr. Dövlət adamları onu düşünməzlər.

Vahid Mustafayev: - Belə olan dönəmdə hakimiyyətə onun oğlu İlham Əliyev gəldi. Bunu siz necə görürsünüz?

Süleyman Dəmirəl: - Yaxşı görürəm. Yaxşı eləyib, yaxşı da eləyir.

Vahid Mustafayev: - Nəyi yaxşı görürsünüz, bir siyasətçi kimi, yüksək ranqlı siyasətçi kimi, qrossmeyster kimi...

Süleyman Dəmirəl: - Məmləkət rahatdır, Azərbaycan rahatdır, gərginlik yoxdur. Belə də demək olar ki, gərginlik var, amma qopacaq şəkildə yox. Hər gün küçələrdə nümayişlər, mitinqlər yoxdur, mətbuatın, müxalifətin şikayətləri – şikayət hər yerdə var, biz də burada şikayət edirik - o dərəcədə deyil. Memarlıq və inşaat işləri gedir. Xalq ac deyil, xalq toxdur. İstər Heydər Əliyev, istərsə də İlham Əliyev qaçqınlar üçün elədiklərinə görə xalqın könlünü qazanmışlar.

Vahid Mustafayev: - Bu mövzuda Heydər Əliyev sizə bir şey deyirdi ki, məndən sonra İlham Əliyev olsun...

Süleyman Dəmirəl: - Xeyr! Heç nə deməmişdi. Çünki getmək niyyəti yox idi ki, yerinə kimi qoysun...

Vahid Mustafayev: - Sizin ikinci vətəniniz Azərbaycandır. Biz bunu ürəkdən deyirik. Siz ikinci vətəninizə nə vaxt gəlmək niyyətindəsiniz?

Süleyman Dəmirəl: - İlham Əliyev hər il məni üç dəfə dəvət etdi. Mən sonuncu dəfə Heydər bəyin vəfatından sonra yasa gəldim. Bir dəfə də 2007-ci ildə orada türk dünyasının toplantısı oldu, ora gəldim. Bu il Azərbaycan dövlətinin qurulmasının 20-ci ildönümüdür. İndidən təbrik edirəm. İlham Əliyev böyük bir dəvət qurdu. Dünyada məşhur olan insanları dəvət etdi. Orada böyük bir toplantı olacaq. Mən də dəvət edilmişəm. İnşallah, oktyabrın 10-11-də orada olacağam. Mən Azərbaycanın şimal hissəsini – Şəki, Gəncəni, ondan sonra bir az da aşağı hissəsini - Araz vadisindəki bölgələri görmək istəyirəm.

Vahid Mustafayev: - Yəqin Bakıda olarkən bizə bir dəfə də müsahibə verərsiniz...

Süleyman Dəmirəl: - Əlbəttə, məmnuniyyətlə.

Vahid Mustafayev: - Bir sualım da var, mövzudan kənar. Amma Azərbaycanın ürəyini ağrıdan bir məsələdir. Türkiyənin bugünki vəziyyəti – hərbçilərlə, istefalarla olan durum... Bunun sonunu görkəmli bir siyasətçi və prosesləri öncədən görə biləcək insan kimi necə görürsünüz.

Süleyman Dəmirəl: - Türkiyə böyük bir ölkədir. Bu cür məsələlərlə Türkiyə batmaz. Komandan istefa verib, ertəsi gün onun yerinə birini təyin edirlər, Türkiyə yoluna davam edir. Heç kim əvəzolunmaz deyil. Türkiyədə 350 general var. Amma Türkiyənin daxilində məsələlər var, məhkəmələr var, ordu dövlətə əl qoyacaq deyə məhkəmələr var, bunlar Türkiyəni bir az narahat etdi. Kürd məsələsi var, PKK terroru var, bütün bunlara rəğmən, görürsünüz ki, Turkiyədə hər şey işləyir. Təlaşa və tələsikliyə lüzum olmadan hər şey yerindədir.

Vahid Mustafayev: - Siz indiki konstitusiya dövründə baş nazir olmusunuz. Bu konstitusiya sizə işləməyə mane olurdumu?

Süleyman Dəmirəl: - Biz konstitusiya ilə bağlı çox mübahisə aparırıq. Əvvəldən, Osmanlıdan bəri mübahisə edirik. 1876-cı ildə, 150 ilə yaxındır ilk konstitusiya qəbul edilib. Ondan sonra 1924-cü ildə, 1960-cı ildə, 1981-ci ildə konstitusiya... Mən, “Bir şey eləyəcəyəm və konstitusiya ona mane olacaq“ deyə fikri ilə razı deyiləm. Amma konstitusiya artıq xalqın dilinə düşüb. Türkiyə bir konstitusiya yaradacaq. Konstitusiya bir möcüzə deyil, qanun möcüzə deyil. Mühüm olan məsələ qanunları yerinə yetirməkdir. Amma Türkiyə çox yaxınlarda bir konstitusiya yaradacaq.

Vahid Mustafayev: - Bu il ediləcək?

Süleyman Dəmirəl: - Bu il də olmasa, gələn il olacaq.

Vahid Mustafayev: - Bir ağsaqqal kimi sizin Azərbaycana nə tövsiyəniz var?

Süleyman Dəmirəl: - Azərbaycana... Rahatlığı, sakitliyi, böyüməyi, inkişaf etməyi, zəngin olmağı, qardaşlığı, birliyi davam etdirin. 10 il sonra başqa Azərbaycan olar. Sovet idarəçiliyi üzündən həyata keçirilməyən işlər 10 il ərzində ediləcək. Elmdə, bilikdə çox yaxşısınız. Xalq çox gözəl xalqdır. Həyatsevər, çalışqan xalqdır.

Vahid Mustafayev: - Ordu və hökumət məsələsində bir qorxumuz var ki, bunun məntiqi əsası yoxdur, amma biz elə fikirləşirdik ki, Türkiyə ordusu Azərbaycanı hər zaman qoruyar. Yadınızdadırmı, türk ulduzları gəlmişdi... Və indi orduda bu hadisələr olandan sonra Azərbaycanda bir balaca qorxu var ki, ermənilərlə sərhədlər açıla bilər.

Süleyman Dəmirəl: - Heç həyəcanlanmayın. Türkiyənin baş naziri Bakıya gəlir və Məclisin qarşısında çıxış edib deyir ki, bu məsələ həll olunmadıqca, biz sərhədləri açmarıq. Daha nə olmalıdır? Türkiyə Ankarada Çankaya məhəlləsinin muxtarını göndərmir ki... Bunu baş nazir gedib deyir. Mən sizə bir şey deyim, bunları İlham bəyə də deyirəm: Türkiyə ilə Azərbaycan dost olmaqdan başqa bir şey edə bilməzlər. İki qardaş arasında sürtünmə olur. Bunu böyütməmək lazımdır. Türkiyədən sizə zərər gələcəyinə inanmayın. Sizdən əvvəl türk xalqı onun qarşısına çıxar. Protokollar vaxtı elə də oldu. Həyata keçirə bildilər? Mən bizim buradakı adamlara da deyirəm. Küçədəki azərbaycanlıya, Anadolu insanının məsələləri dərhal, həm də müsbət həll olunmalıdır. Burada dostluq dövlətlə dövlət, millətlə millət arasındadır, iqtidarlara bağlı deyil. Biz rəhmətlik Heydər Əliyevlə dedik: “Bir millət, iki dövlət”ik. Və əbədi bir dostluq...

Vahid Mustafayev: - Təşəkkürlər!


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *