Deputatdan erməniyə uduzan güləşçiyə irad
I Avropa Oyunlarından öncə güləş yarışlarını müntəzəm olaraq izləyəcəyini bildirən Ana Vətən Partiyasının sədri, depuat Fəzail Ağamalı güləşçilərimizin qələbələrindən sonra yaşadığı təəssüratları bölüşüb.
AzNews.info Azvision.az-a istinadən xəbər verir ki, deputat deyib ki, idmançılarımızın qələbələrindən qürur hissi keçirir: “İmkan olduqca yarışları birbaşa arenadan izləyirəm. Güləşçilərimiz heç şübhəsiz ciddi uğurlara imza atırlar. Cüdoçularımızdan da uğur gözləyirəm. Bizim idmançılarımızın fərdi oyunlarda uğur qazanma imkanları var. Ona görə də boksçularımızdan da qızıl medalları gözləyirəm. İdman yarışlarına konkret proqnoz vermək olmaz. Çünki idmanda gümanlar alt-üst ola bilər. Ümid edirəm ki, daha çox medal qazanacağıq”.
Millət vəkili güləşçimiz Həsən Əliyevin erməni idmançıya məğlub olmasına münasibət bildirib.
“Bizim borcumuz həmişə ermənilər üzərində qələbə qazanmaqdır. Ermənilərə bütün sahələrdə qalib gəlməliyik. Ötən gün erməni idmançısına məğlub olan dünya və Avropa çempionumuz Həsən Əliyevə qarşı olan qınaqları başa düşürəm. Mən də ona iradlarımı bildirirəm. Bu idmançımıza yaraşan məğlubiyyət deyildi”- deyə F.Ağamalı qeyd edib.
Qeyd edək ki, ötən gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan dünya və Avropa çempionumuz Həsən Əliyev rəqibinə 5:8 hesabı ilə uduzub.
Mənbə:> AzVision.az