Putin əsəbiləşdi, Bakıdan reportaj hazırlandı
“Rossiya 24” telekanalı Bakıda birinci Avropa Oyunlarına həsr edilmiş reportaj yayımlayıb.
AzərTAc xəbər verir ki, telekanalın müxbiri Aleksandr Abramov Oyunlara hazırlığın gedişatı haqqında tamaşaçılara məlumat verərək bildirib ki, iyunun 12-də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) binasında Azarkeşlər evinin açılışı olacaq. Açılışda Rusiyanın idman naziri Vitali Mutko, Azərbaycanın idman naziri Azad Rəhimov, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və iki ölkənin başqa idman funksionerləri iştirak edəcəklər.
“Bakıda hər şey hazırdır” deyən A.Abramov xatırladıb ki, birinci Avropa Oyunlarında atletlər idmanın 20 növündə mübarizə aparacaqlar. O deyib: “Ən maraqlısı da budur ki, Bakıdakı yarışlar idmanın 12 növü üzrə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadası üçün təsnifat xarakteri daşıyacaq. Bu isə o deməkdir ki, Bakıya Avropanın ən güclü atletləri gələcək. Avropa Oyunlarının proqramı təkcə bununla diqqəti cəlb etmir. Bu Oyunlara Olimpiya proqramında nəzərdə tutulmayan idman növləri, o cümlədən çimərlik futbolu, yaxud 3x3 basketbol üzrə yarışlar daxil edilib.
A.Abramov RİMM-də sinxron üzgüçülük üzrə dəfələrlə Olimpiya çempionu Anastasiya Davıdova ilə müsahibə də vəd edib.
ANS PRESS xatırladır ki, prezident Vladimir Putin iyunun 12-28-i Bakıda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaqdan imtina edən Rusiyanın idman telekanallarını tənqid etmişdi.
Dövlət başçısı cari büdcənin durumu ilə bağlı məhdudiyyətləri anladığını, lakin Bakı 2015-in önəmli hadisə olduğunu vurğulamışdı: “Bu necə baş verə bilər? İndi Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazılı şəkildə bildirdi ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarını kütləvi informasiya vasitələrindən, kanallardan heç biri işıqlandırmaq istəməyib. Başa düşürəm. Hazırki büdcənin durumu ilə bağlı məhdudiyyətlər var. Lakin önəmli durumlar var, bu, dünya idmanında, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarıdır”
Mənbə:> ANSPRESS