Rusiya Bakıda Azarkeşlər evi açacaq
Birinci Avropa Oyunları zamanı Bakıda Rusiya Olimpiya Komitəsi (ROK) Azarkeşlər evi açacaq, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“İyun ayında Bakıda Birinci Avropa Oyunları keçirilən zaman Rusiya Olimpiya Komitəsi paytaxtda Azarkeşlər evi açacaq. İdman növlərinə həsr edilmiş, Bakıda keçiriləcək yarışlara, Rusiya və Azərbaycan idmançılarına həsr edilmiş unikal interaktiv ekspozisiya bütün arzu edənlərə böyük idmana toxunmağa, Oyunlarda iştirak edən idmançılar haqqında məlumat əldə etməyə yardım edəcək”, ROK-un prezidenti Aleksandr Jukov bildirib, onun sözlərindən Azarkeşlər evinin mətbuat xidməti sitat gətirir.
Onun sözlərinə görə, Birinci Avropa Oyunları – ilin ən mühüm idman hadisələrindəndir, burada Rusiya ən yüksək medallara namizəd olan güclü atletlərlə təmsil ediləcək.
“Bununla yanaşı, biz idmançılarımız üçün azarkeşlərin dəstəyinin nə qədər vacib olduğunu bilərək Bakıda Azarkeşlər evi açmaq qərarına gəldik”, - ROK-un prezidenti bildirib.
Bakıda Azarkeşlər evi şəhərin mərkəzi hissəsində, Rusiya mədəni informasiya mərkəzində yerləşəcək.
Bu evin Soçidə olan analoqundan əsas fərqi, ekspozisiyaların yalnız Rusiya deyil, eləcə də Azərbaycan idmançılarına aid olması olacaq.
Mənbə:> Oxu.Az