“Türkiyədə üçtərəfli savaş olacaq”
İstanbul Texnki Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının ilk türk üzvü Cəlal Şəngör “Axmağı tanımaq” adlı kitabını çap etdirib.
Axar.az xəbər verir ki, alim kitabın 2000-2015-ci illərdə yazıldığını bildirib:
“Kitabı yazmaqda məqsədim cahil və axmaqlarla mübarizədir. Bu səbəbdən onları tanımaq və zərərlərini bilmək üçün bu kitabı yazdım”.
“Axmağı tanımağ”ın müasir Türkiyə cəmiyyəti üçün çox vacib bir kitab olacağını deyən alim savadsızlıqla sonadək mübarizə aparacağını bildirib:
“Türkiyənin böyük çətinliklərindən biri də gerçək dəyərləri bilən insanların çox az olmasıdır. Bir çox axmaq özünü ağıllı zənn edir. Bunu oxuyan insanlar bir dəqiqə düşünər deyə ümid edirəm”.
Kitabında hazırki Türkiyə hakimiyyətini sərt tənqid edən alim bundan qorxmadığını deyib:
“Xeyr qorxmuram. Çünki mən əsgərəm. Mənim həbsxanaya getməyim, öldürülməyim xoş gəlməz. Mən silah və bayrağa əl basaraq bu ölkə üçün canımı verəcəyimə and içmişəm. Andıma sadiqəm. Mənim silahım qələmim, kitabım və çıxışımdır. Buna görə də silahımdan sona qədər istifadə edəcəyəm”.
Türkiyə xalqını da tənqid etməyi yaddan çıxarmayan dünya şöhrətli alim gələcəklə bağlı fikirlərini bölüşüb:
“Mən bu gün yeganə bir şey görürəm: Türk xalqı batmaq istəyir. Tarix belə xalqlarla doludur. Bu torpaqlara heç nə olmaz, narahat olmayın. Mən ona kədərlənirəm ki, İŞİD sənət əsərlərini məhv edir. Bunların hamısı bizim insan olma keçmişimizin bir parçasıdır. Bunlar aradan qalxarsa, biz əvvələ qayıdarıq, mağaradan başlamalı olarıq. Hazırda türk xalqı mağaraya dönmək istəyir. Başındakılar onsuz da onu oraya aparırlar. Çox pis sonumuz olacaq. Üç tərəfli daxili müharibə görürəm – kürdlər, şovinistlər və çağdaşların savaşı. Türkiyə parçalanacaq. Ümid edirəm heç olmasa, mədəniyyət zənginliklərimiz bir şəkildə qorunacaq. Sonunda isə gəlib bunları da əlimizdən alacaqlar”.
Mənbə:> Axar.az