Səfir Arif Məmmədov ittihamlara cavab verdi
“Xarici İşlər Nazirliyini dövlətə xəyanətdə ittiham etmək yalnız xəstə təxəyyüllü insanın beyninə gələ bilərdi”
İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədov Facebook səhifəsində "diplomatik xəyanət"lə bağlı ünvanına səslənən ittihamlara cavab verib.
Diplomat yazır: "Son günlər prezidentin dediyi sözləri təkrar etdiyin üçün haqqın.az saytı tərəfindən çirkab axınına məruz qaldığım üçün çox təəccübləndim və hiddətləndim. Xoşbəxtlikdən, peşəkar jurnalistlər mənim dövlətçiliyimizə və xalqıma necə sadiq olduğumdan xəbərdardırlar. 20 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin maraqlarını müdafiə etmişəm. Fəxr edirəm ki, bunu yüksək səviyyədə etmək imkanım olub. Bu barədə diplomatlarımız, jurnalistlərimiz və sadəcə normal insanlar çox gözəl bilir. Adicə profilimə like vurduqları üçün bir çox peşəkar diplomatlarımız da çirkab dalğasına düşdükləri üçün çox məyusam. Həmçinin Azərbaycandakı və xaricdəki doplomatik nümayəndəliklərin də bunları oxuduğu üçün çox üzülürəm. Ölkənin Xarici İşlər Nazirliyini dövlətə xəyanətdə ittiham etmək yalnız xəstə təxəyyülü olan insanın beyninə gələ bilərdi. Bəs bu paskvilin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə, ölkənin imicinə və digər məsələlərə təsirinin nəticələri barədə düşünübmü? “Dostlar"ın məyus olacağını bilsəm də, deməliyəm ki, mən təmiz azərbaycanlıyam və qan qarışıqlığım yoxdur.
Arif Məmmədov daha sonra yazır: "Bu gün istənilən düzgün insana "ermənidir" damğası vurmaq olduqca dəbə minib. Bu saxtakarlığı ortaya atan "dərin ağıllar" başqa nə düşünə bilərdi ki? Mən vaxtı ikən AŞ nümayəndə heyətində səfir qismində təcridxanaya getdim və orada Eynulla Fətullayevə baş çəkdim. Onun çaşqın baxışları mərhəmət hissi oyadırdı. Mən ondan incimirəm. Allah özü hakimi olsun. O, sadəcə çirkin sifarişin icraçısıdır. Mən bu oyunu fikirləşənləri çox gözəl tanıyıram və ümid edirəm ki, bir gün onlar səhvlərini anlayacaq. Mən onları bağışlaya biləcəm. Hər kəsə mənəvi dəstəyə görə təşəkkür edirəm. Bütün yazılanlardan sonra kimin vətənpərvər, kimin satqın olduğuna özünüz qərar verin".
"Mən təmiz azərbaycanlıyam. Rəhmətlik atam da, yaşlı anam da, onların ata və anaları, baba və nənələri köklü, adl-sanlı insanlar olublar. Amma əsl erməniləri biz gündə aşkar edirik. Biabırçılıqları açıqlamaq erməni olmaq deyil. Xalqa zülm etmək, yalan danışmaq ermənilikdir" - deyə statusuna davam edib.
Mənbə:> Meydan TV