İran: “Dünya bunu öyrənəndə şoka düşəcək”
7 min iranlı və iraqlı döyüşçü son dövrlərdə müxaliflər qarşısında böyük itkilər verən Bəşər Əsədə dəstək vermək üçün Suriyaya göndərilib.
Axar.az xəbər verir ki, bu barədə “Frans Press” Agentliyinə Əsəd rejiminə yaxın siyasi mənbə məlumat verib.
Mənbə Suriyaya göndərilən qüvvələrin əsas hədəflərinin paytaxt Dəməşqi qorumaq olduğunu bildirib. Qüvvələr sonrakı mərhələdə Aralıq dənizi bölgəsi və Həma üçün önəmli rola malik Cisr Əl-Şuqor şəhərini Nüsra cəbhəsindən geri almağa çalışacaqlar.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Qasım Süleymani isə “yaxın vaxtlarda bütün dünya Suriya hərbi liderləri ilə nəyə hazırlaşdığımızı öyrənəndə şoka düşəcəklər”, - deyə açıqlama verib.
Qeyd edək ki, Cisr Əl-Şuqor şəhəri aprelin 25-də Nüsra cəbhəsi tərəfindən tutulub.
Mənbə:> Axar.az