İki ilk ay: yanvar və may » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

İki ilk ay: yanvar və may

İki ilk ay: yanvar və may


Bütün bunları biz 28 mayın, dövlətimizin və xalqımızın 1 nömrəli bayramının təsadüf etdiyi həftədə təsadüfən danışmırıq. Bayram ərəfəsində biz Rusiyadaydıq. Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmini rusiyalılara göstərmək üçün Moskvaya getmişdik.

"Qanlı Yanvar"ın Moskvada nümayişi özü də dövlətimiz və xalqımızın əsas bayramı 28 may - Respublika günü ərəfəsində nümayişi - məndən ötrü xüsusi əhəmiyyət daşıyırdı. Əvvəla ona görə ki, "Qanlı Yanvar"ın kökü Moskaya bağlıdır. Əmr burdan verilmişdi və o zaman ayağa qalxan, başa çıxan xalq hərəkatı məhz Moskvaya asi olmuşdu. Prezident Qorbaçovun verdiyi fərman və əmrlərin də kökü burdaydı. Heydər Əliyevin etiraz konfransı da burda olmuşdu. Milli Azadlıq Hərəkatının liderlərinin həbsi də burda və burdan həyata keçirilmişdi… Bir sözlə Bakının döyüşdüyü tərəf və qeyri-bərabər qüvvə Moskva idi. Ona görə də "Qanlı Yanvar"a, belə demək əcayib səslənsə də, onun əsl ana vətənində necə baxılacağı maraqlı mətləblər pıçıldayırdı.

Filmə baxan rusiyalılar onu yad qarşılamadılar. Müəllif öz məqsədinə çatmışdı. Film əslində hər bir millətin, hər bir xalqın öz müstəqilliyi uğrunda qalxdığı mücadiləyə həsr edildiyindən rusiyalılar da filmdə Azərbaycana qoşun yeridən Kremllə yanaşı, Rusiyaya qoşun yeridən Kremli görürdülər. Onlar burada tankların üstünə yeriyən müstəqillik sıravilərini öz azadlıq kolleqaları kimi anlayırdılar. Doğrudan da axı Sovet qoşunları, Moskvanın hərb maşını elə bu Moskvada, onun küçələrində azadlıq axtaran insanların da üzərindən belə keçmişdi.

"Qanlı Yanvar" barədə rusiyalı bir tamaşaçının söylədiyi bu fikrlər nə qədər rəmzi olsa da, yerinə düşür. Sovet Dövlətinin hər bir keçmiş sovet respublikasının təqvimində öz qanlı ayları var. Bakıda Yanvar, Tiflisdə aprel, Moskvanın özündə iyun, avqust. Fərq yalnız qurbanların və şəhidlərin sayında ola bilər. Rusiyalı tamaşaçı Vahid Mustafayevə həm də sadə rusiyalıların azadlıq mübarizəni xatırlatdığına görə təşəkkür edirdi: “O kokteylləri biz də düzəltmişik, Moskvanın küçələrində tankların tırtılları altına biz də özümüzü atmışıq… “Qanlı Yanvar” bizim də filmdir!” Sadəcə biz öz belə filmimizin çəkilməsini hələ ki, gözləyirik!” Bax belə. Fikir bundan ibarət idi. Azərbaycanın Rusiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə göstərilən filmin məhz Azərbaycanın əsas dövlət və xalq bayramı ərəfəsinə təsadüf etməsi də təsadüfi deyildi:

“Qanlı Yanvar” filmi çox təsirlidi. Çox yüksək peşakarlıqla hazırlanıb. Aktyorlar çox gözəl oynayır. Və mən bütün bu filmin yaradıcı heyətinə dərin təşəkkürümü bildirmək istiyirəm”, – deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Müəllif - rejissor Vahid Mustafayev xoşbəxt görünürdü. Niyə də yox. Bütün mesajları ünvana çatmışdı. Hətta rusiyalı tamaşaçı onu heyrətləndirmişdi də.

“Rusiyada bu filmin nümayişi çox mənalı hadisədir. Çünki Rusiya özü də 90-ci illərin əvvəllərində Azərbaycandan sonra müstəqillik qazanıb və Sovet imperiyasından azad olub. Ona görə də mən Azərbaycan, Rusiya və bütün dünyada azadlıq, müstəqillik uğrunda vuruşan, həyatlarını qurban verən şəhidlərə Allahdan rəhmət diləyirəm”,- deyə rejissor vurğulayıb.

Doğrudan da tamaşaçı nə qədər həssas və diqqətdi olmalıdır ki, Qanlı Yanvarın sərnişinlərini Moskaya daşıyan təyyarənin kapitanının Nikolay Romanov olduğunu tutsun və ətrafındakılara da başa salsın ki. Bu Rus Çarıdır. Romanov və təyyarə saatı ilə imeperiya vaxtıdır.

Belə heyrətamiz məqamlar çox idi. Ertəsi gün Azərbaycan dövlətinin Rusiyadakı Baş Evi öz bayramını qeyd edəcək və burada çoxlu mötəbər qonaq qarşılaycaqdı. Nə qədər qəribə görünsə də, elə bil proqram şüurlu olaraq belə tərtib olunmuşdu. Əvvəl Azərbaycan öz müstəqilliyin qanlı və şanlı yollarından bəhs edən film nümayiş etdirir, azadlığını kimlərinsə ona qızıl məcmeyidə təqdim etmədiyini, çarpışmalardan keçərək qazandığını faktlarla göstərir, bir gün sonra isə azad və müstəqil dövlət kimi öz qonaqlarını, o cümlədən bir zamanlar işğalı altında, indi isə bərabərhüquqlu olduğu ölkənin rəsmilərini azadlıq bayramına dəvət edir. Bu faktdan az əhəmiyyətli olmayan isə odur ki, həmin o keçmiş işğalçı Azərbaycanı müstəqil dövlət kimi etiraf edir, onun uğurlarına sevindiyini bəyan edir.

“Azərbaycanın beynəlxalq və regional işlərdəki özünəməxsus müstəqil dəstxəttini yaxşı qiymətləndiririk. Bura həm Qafqaz, həm də Xəzər regionu aiddir. Anlayırıq ki, Bakı müstəsnasız bütün məsələlərdə öz dəstxəttini qoruyur. Azərbaycan rəhbərliyi, ələxsus, prezident Əliyev xaricdən səsləndirilən bəzi fikirlərə meyilli deyil. Qərarlar milli maraqlar əsasında qəbul olunur. Bu isə ölkələrimizi bir-birinə yaxınlaşdırır. Biz də məhz belə hərəkət edirik. Hər iki prezident - İlham Əliyev və Vladimir Putin arasındakı səmimi münasibəti yüksək qiymətləndiririk. Çünki məhz bu münasibət Rusiya - Azərbaycan əlaqələrinin ümumi çalarını müəyyən edir”, – deyə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Özü də tədbirin keçirildiyi zalın adı da rəmzidir: “Evropeyskiy” Yəni, Azərbaycan bir Respublika olaraq öz gününü Avropa adına bağlayır. Rusiyada. Rusiya rəsmilərinin gözü qabağında. Çəkinmədən ki, keçmiş imperiyanın bu saat Avropa ilə münasibətləri qıcıq doğurucudur. Rusiya faktiki olaraq Avropa ilə iqtisadi müharibədədir. Və bir başqa məqama da sadə ştrix kimi baxıb keçmək olmaz. Rusiyanın tanınmış şəxslərinə Heydər Əliyev adına mükafat verilir. Azərbaycan mükafat gözləyən, qiymətləndirmə gözləyən dövlətdən mükafat və qiymət verən dövlətə çevrilib. Qürurvericidir.

Bayram idi. Böyük bir süfrə açılmışdı. Dostlar və tostlar arasındaydıq. Adətən belə vaxtlarda qayğı və problem yada düşmür. Amma bu bizim üçün deyil. Ona görə ki, Azərbaycanın o boyda Qarabağı var və ya o boyda Qarabağı yoxdur. Ona görə də hər fürsətdə biz bu mövzuya toxunuruq, Qarabağın Qanabağlaşmasından danışmalı oluruq. Leonid Slutskiy Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədridir və təbii ki, biz ondan bir MDB üzvünün o birinə qarşı apardığı işğalçılıq siyasəti barədə soruşmalıydıq və soruşduq da. Özü də sualı da belə qoyduq ki, Rusiya Ukraynaya girdi, Krımı götürdü və çıxdı. Amma söhbət Azərbaycandan gedəndə bizə vasitəli nitqlərlə danışmağı məsləhət görürsünüz, niyə? Sizə olar bizə olmaz?

“Tamamilə fərqli stuasiyadır. Krımın birləşdirilməsi, əslində, indi baş verən hadisə deyil. Rusiya Krımı almadı. Krım tarixən Rusiyanın olub. Krımın birləşdirilməsi hadisəsi 1990-cı illərin əvvəllərində baş verib. Ukrayna həmin dövrdə krımlıların Rusiyanın tərkibinə daxil olmaq iradəsinə məhəl qoymadı” - Deyə deyə Leonid Slutskiy fikrini açıqlayıb.

Slutski ilə təbii ki, razılaşmadıq və ona xatırlatdıq ki, əzizim, Qarabağ Azərbaycanın tərkibində olub həmişə və bu gün də de-yure belədir. Oxşar vəziyyətdir və bizim vəziyyət beynəlxalq hüquqa daha yaxındır. O zaman həmsöhbətimiz atı başqa düzəngaha sürdü…

“Qarabağ məsələsinə gəlincə isə, burada əsas problem ondadır ki, artıq qan tökülüb. Krımda isə belə olmadı. Krımın geri qaytarılması prosesi tarixi bir hadisə olaraq qan tökülmədən mümkün oldu. Qarabağda isə burda artıq qan tökülüb. Gəlin realist olaq. Çətin ki, baş tutsun”, - deyə Leonid Slutskiy vurğulayıb.

Qarabağ bir. İkinci problemimiz Rusiyada yaşayan azərbaycanlılar, o cümlədən miqrantlarımızdır. Sualımız Federasiya Şurası sədrinin müavini əslən Dağıstandan olan İlyas Umaxanova idi. Miqrantlardan son zamanlar daha danışılmır və ya az danışılır. Xeyir ola. Bu nə ilə bağlıdır. Bəlkə Avropanın sanksiyaları qarşısında sıxılan Rusiya bu mövzunu müvəqqəti olaraq arxa plana atıb, ya da problem artıq aradan qalxıb, bizim xəbərimiz yoxdur?!

“Dəqiq vurğuladız ki, biz bəzi problemləri gündəmdən çıxarmışıq, həm Rusiya, həm Azərbaycan tərəfdən, ona görə də (miqrasiya məsələsi) ilə bağlı vəziyyət bir qədər sakitləşib. Ancaq bu sona kimi belə qalmayacaq. Qanunvericiliyə edilən dəyişikliklərdə, bu işləri daha sivil yolla həll etməyə imkan verən mexanizmlər nəzərdə tutulub. Ancaq bir daha qeyd edirəm ki, qanun və qanunun icrası başqa-başqa şeylərdir. Bu istiqamətdə hələ bir sıra işlər görməliyik”, - deyə Federasiya Şurası sədrinin müavini İlyas Umuxanov qeyd edib.

Amma mənim də ehtimallarımı qəribçiliyə salmaq olmaz. Sanksiyalar Rusiyanı gözlənilməz addımlara sövq edib. Rusiyanın jurnalistika patriarxlarından biri, “Exo Moskvı” Radistansiyasının Baş Redaktoru Aleksey Venediktovla söhbətimizə son zamanlar o qədər də gözə çarpmayan, amma əslində mövcud olan problemlərdən başladıq və gedib “Life News” kimi informasiya qurumlarının yaydığı məqsədli dezinformasiyalara qədər çıxdıq.

“Düşünürəm ki, respublikalar və dövlətlər arasında əsasən, informasiya deyil, dezinformasiya daha çox yer tutur. Mənim ölkəmdə və sizin müharibə şəraitində olan ölkənizdə hansı hadisələrin baş verdiyinə baxsaq, görərik ki, əslində, hər şey çox yaxşıdır. Lakin heç nəyin yaxşı olmadığı informasiyası mifologiyasıdır”, – deyə Aleksey Venediktov bəyan edib.

Belə çıxır ki, Rusiyanın özündə də etiraf edirlər ki, bu gün işləri korlayanların böyük bir hissəsi elə dezinformator jurnalistlərdir. Amma Alekseydə bir ştrix mənim çox xoşuma gəldi. Müxalifət yönlü jurnalist olsa da, dövlətçilik tələb edəndə harda olmağın lazımlığını gözəl bilir:

“Rusiyada vəziyyət sadə deyil. Çünki Rusiyaya qarşı sanksiyalar tədbiq olunub. Ölkə maliyyə cəhətdən təcrid olunmuş vəziyyətdədir. Daxili problemlərimiz var. Bu problemləri xarici imkanlara arxalanmadan həll etməliyik. Lakin biz ruhdan düşmürük”.

Bizim bəzi dövlətlə dövlətçilik, daha doğrusu müxalifətçilik edənlərə nümunə ola bilər. Dövlətlə hakimiyyəti qarışdırmaq olmaz. Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın rektoru Yevgeni Bajenovla söhbətimiz daha çox gələcək haqqında oldu. Onun Azərbaycan və azərbaycanlı tələbələrlə bağlı danışdıqları mənə xoş idi. Bir zamanlar bizə qoyun gətirib oxuyub qoyun gedirlər deyənlərin cavabını bu sözü deyənlərin həm dili Bajenov verirdi:

“Bizdə hazırda 15 gənc diplomat və bir neçə aspirant təhsil alır. Elə bayaq bizə yaxınlaşan İbrahim kimi. O, dissertasiyasını müdafiə elədi, biz ona 5+ verdik. İndi isə o, kitab yazıb və mən bu gün o kitaba rəy yazdım. Azərbaycanın xarici siyasətinə dair 1000 səhifəlik kitab yazıb və mənim də məsləhətimlə kitabı “Azərbaycanın sərt və mülayim qüvvəsi” adlandırıb”.

Bir sözlə Qanlı Yanvarla başlayan Moskva səfərimiz Respublika günü ilə bitdi. Geriyə Müstəqil Azərbaycanın paytaxtına - Bakımıza qayıdırdıq… Təyyarəyə mindik və müstəqil dövlətimizin iyirmi beş ilinin mədəni nailiyyətlərindən ləzzət almaq istədim. Nəzakətli stüardessa xanım mənə planşet verdi.

Bu planşetə girib Azərbaycan Hava Yollarının təklif etdiyi menyuya baxdım. Filmlərimiz bölməsində müstəqillik dövrümüzün bir filmi belə yox idi… Musiqi videoları bölümündə müstəqillik dövrümüzün bir müsiqili videosu belə yox idi. “TV Şou”lar bölümünə baxdım. Müstəqillik dövrünə aid bir teleşoumuz belə yox idi… Və nəhayət uşaqlar üçün bölümünə daxil oldum. Burda da “Tom və Cerri”dən tutmuş daha haranın itinə-qurduna qədər var idi. Bizim doğma, müstəqil bir məhsulumuz yox idi. Mən bir azərbaycanlıyam, təbii ki, bilirəm nə var, nə yox. Amma Azərbaycana qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik axı. Mən əcnəbi olsam şəxsən bu menyu və planşet vasitəsilə hara getdyimi anlamaram. Azərbaycan 25 ildir müstəqildir. Təyyarəmiz isə, eee laaap sovetin ucqar bir cənub şəhərində ilişib qalıb… Dövlətimiz müstəqildir, amma biz özümüz deyəsən axı hələ müstəqil deyilik… Heydər Əliyev Hava Limanına enirik. Müasir Azərbaycanın qurucusunun bu məşhur kəlamını xatırlayıram.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Bəs biz? Biz niyə fəxr etmirik. Və ya fəxr ediriksə bu nə planşet və nə menyudur belə. Belə hara qədər uçacağıq və belə uçmaqdan niyə qorxmuruq?! Axı stüardessaların xəbərdarlığı ancaq simvolik olur… Başlıcası biz özümüzük…


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *