“Razmer"imizə olmayan Qələbə – VİDEO
Qələbənin 70 illiyi münasibətilə Moskvada keçirilən paradı bir sıra dövlətlərlə yanaşı Azərbaycanın rəhbəri də izləyirdi. Bu tədbirin bir unikal cəhəti də ondan ibarət idi ki, onun seyrçiləri sırasında işğalçı Ermənistanın və işğala məruz qalmış Azərbaycanın prezidentləri də var idi.
Azərbaycan Prezidenti bu tədbirə dəvəti niyə qəbul etmişdi. Çoxları deyəsən bu sual mövzusunda susur. Amma cavabı da deyəsən hamı bilir. Azərbaycanın bu paradda nəinki qonaq, hətta ev sahibi kimi çıxış etməyə haqqı çatır. Prezident burada mütləq iştirak etməliydi. Ona görə yox ki, yerimiz boş qalan kimi Ermənistan ora özünü soxur və Azərbaycanı da ardınca dartır. Sadəcə ona görə ki, Azərbaycan Qarabağ cəbhəsində qələbəni yaxınlaşdırmaq istəyir.
Çünki artıq çoxdan başa düşüb ki, bu gün Qarabağ probleminin həllinin inhisarçısı Minsk Qrupu əslində danışıqlardan, söz yığınından başqa bir şey deyil. Özü də bunu hamı başa düşüb, bircə Minsk Qrupunun deyəsən özündən başqa. Deməli, Azərbaycan prezidenti orda təkcə 300 mindən çox qurban verdiymizə görə yox həm də torpaqlarımızın azadlığını yaxınlaşdırmaq üçün, münaqişənin açarının kimin əlində olduğunu başa düşdüyü üçün iştirak etməliydi… Və etdi.
Əlbəttə, mən burada Erməni hərbçilərinin anlaşılmaz, sovet zamanının əldəqayırma dembl formatına uyğun hərbi formalarına baxıb istehza ilə gülə də, NATO standartlarına uyğun geyinmiş, bütün göstəriciləri ilə hər kəsdən yaxşı mənada seçilən Azərbaycan əsgərlərinin qürurlu duruşuna baxıb fəxr edə də, bir tədbirdə iştirak etsələr də bir-birindən bu qədər uzaq dayanmış Azərbaycan və Ermənistan prezidentlərinin mövqelərinə əslində tam qanunauyğun bir fakt kimi yanaşa da bilərdim. Amma mən nə bunu, nə də o birilərini edirəm, sadəcə arzulayıram ki, Azərbaycan Prezidenti Qələbə paradını Azadlıq meydanında qəbul etsin.
Gəlin razılaşaq ki, bu qələbə babamızındı, bizim deyil... Qoy bizim öz Qələbə günümüz olsun. Babalaramızın köhnə, nimdaş 70 illik, bəzi yerləri ilə əynimizə dar, bəzi yerləri ilə gen gələn, necə deyərlər, rusun sözü olmasın “razmer"imizə olmayan bu Qələbə Gününü soyunub öz Bayramımızı geyinək. Hələliksə başqa bayrama hazırlaşırıq.
Mənbə:> ANSPRESS