Bizə qarşı böyük təxribata son – VİDEO
Rusiyanın “Life News” xəbər portalı ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri sırasında əslində bu təşkilata heç bir aidiyyatı olmayan Azərbaycanın adını çəkməsi və ölkəmizin guya Tacikistanda keçirilən desant qüvvələrinin təlimlərində iştirakı haqda yaydığı yanlış məlumata düzəliş edib. Həm yayılan xəbərdən, həm də hazırlanan videosüjetdən Azərbaycanın adı çıxarılıb.
Azərbaycanın adı bura necə gəlib düşmüşdü, bunu Allah bilir. Amma Azərbaycanın adının burdan çıxarılmasında ANS-in birmənalı rolunu hər kəs bilməlidir.
Xatırlayırsınızsa, bu haqda məlumat bir neçə gün əvvəl yayılmışdı. Tacikistanda keçirilən hərbi təlimlərdə iştirak edən 5 ölkə arasında Azərbaycanın da adının hallandırılmasına ilk münasibəti də dərhal Azərbaycanın Mudafiə Nazirliyi verdi.
Qurumdan ANS-ə eksklüziv olaraq bildirdilər ki, portal, yanlış olaraq Azərbaycanı Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələr sırasına daxil edib. Və Tacikistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimlərində Azərbaycanın hərbi kontingentinin iştirak etməsi barədə Rusiyanın “LifeNews.ru” elektron informasıya portalının yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.
Bundan sonra həm Azərbaycanın Müdafiə Nazirliyi, həm ANS-in israrlı müraciətləri öz sözünü dedi. “Life News” məlumata dəyişiklik etdi.
Xatırladaq ki, “Life News” agentliyi Rusiyanın xüsusi xidmət orqanlarına yaxın sayılır. Rusiya və Ukraynada bir çox ekspertlər Şərqi Ukraynada münaqişə zamanı “Life News”un müxbirlərinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sifarişini yerinə yetirdiyini iddia edirdilər.
“Life News”un sahibi isə erməni əsilli Aram Qabriylanovdur.
Mənbə:> ANSPRESS