Gəncədə də "antiüzlük kampaniyası"na start verildi – FOTO
Azərbaycanın Gəncə şəhərində yanğına həssas materiallarla üzlənən binaların fasadlarından işıqlandırma sistemləri sökülür.
APA-nın məlumata görə, bu gün səhərdən başlayaraq, Gəncənin Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının fasadındakı işıqlandırma sisteminin xüsusi texnika vasitəsi ilə sökülməsinə başlanılıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hələlik şəhərdə yerləşən yaşayış binalarının fasadına vurulan yanğına həssas üzlüklərin sökülməsinə başlanılmayıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyası yanğına həssas üzlüklərin sökülməsi ilə bağlı qərar verərsə, Gəncədə də söküntü işlərinə start veriləcək.
Qeyd edək ki, Gəncənin Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində yanğına həssas üzlüklər vurulan yaşayış binaları var.
Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Mənbə:> APA