Koreyalı nazir Bakıda təndir çörəyinə qonaq edildi – FOTO
May ayının 4-də Azərbaycana səfəri çərçivəsində Koreya Strategiya və Maliyyə naziri və baş nazirin müavini cənab Çoi Kyunq Hvan İçərişəhərlə tanış olub.
ANS PRESS-inn “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadla verdiyi məlumata görə, İçərişəhərlə tanışlıq Qız Qalası abidəsi ilə başlayıb. Qonağa Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, burada yeni yaradılmış muzey ekspozisiyası, eləcə də yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq Kompleksi barədə ətraflı məlumat verilib, ekspozisiya qonağın marağına səbəb olub.
Kiçik Qala küçəsində davam edən gəzinti zamanı cənab Çoi Kyunq Hvan təndir çörəyinə qonaq edilib.
Sonra cənab Çoi Kyunq Hvan Şərqin memarlıq incilərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” və burada yaradılmış muzey ekspozisiyası ilə də tanış olub.
Bakının tarixi hissəsi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.
Sonda cənab Çoi Kyunq Hvana “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri də təqdim olunub.
Mənbə:> ANSPRESS