Səudiyyəli nazir Bakıya gələcək
2015-ci ilin may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi ilə görüşü zamanı səsləndirilib.
Nazirliyin məlumatına görə, görüşdə Şahin Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
O cümlədən qonaq, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli