Rusiya Ermənistana Su-30SM qırıcıları satır
Ermənistan Rusiyadan Su-30SM qırıcılarının alınmasına dair müqavilə bağlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildiriblər.
“Ermənistanın Su-30SM qırıcılarını almasına dair müvafiq razılaşma imzalanıb”-nazirlikdən deyiblər. Təyyarələrin sayı və sövdələşmənin məbləği açıqlanmayıb.
Ermənistanın Rusiyadan Su-30SM qırıcıları almaq niyyəti barədə hələ ötən ildən məlum idi. Bu, hakimiyyətə yeni gələn Nikol Paşinyanın Yerevan yaxınlığındakı “Erebuni” Rusiya aviabazasında həmin qırıcının pilot kabinəsində çəkilmiş fotosunu Facebook-da paylaşmasından sonra üzə çıxmışdı. Bildirilirdi ki, Rusiya tərəfi qırıcını Ermənistan baş nazirinə nümayiş etdirmək üçün Yerevana gətirib.
Daha sonra, 2018-ci ilin dekabrında müdafiə naziri David Tonoyan jurnalistlərə bildirmişdi ki, qırıcıların alınmasına dair sövdələşmə tamamlanmaq üzrədir.
Ermənistan Hərbi Hava Qüvvələrinə Su-30SM qırıcılarının təchiz edilməsi (ən azı bir eskadrilya) barədə müqavilənin hələ 2012-ci ildə imzalanıb, lakin qüvvəyə minməyib. Bildirilir ki, keçmiş prezident Serj Sərkisyan nəyə görəsə son anda qırıcıları almaqdan imtina edib. Sərkisyan hakimiyyətdən gedəndən sonra isə Müdafiə Nazirliyi qırıcıların alınmasını 2014-cü ilə qədər təxirə salıb.
Ehtimal edilir ki, Ermənistan bu təyyarələri Rusiyanın güzəştli silah krediti çərçivəsində alır. Su-30SM, 4+ nəsil çoxməqsədli qırıcıdır. Hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurur, habelə kəşfiyyat aparır. Silahlanmasına 30-millimietrlik avtomatik top, orta mənzilli 6 idarəolunan raket və yaxın döyüş üçün nəzərdə tutulmuş daha 6 raket, hərəsi 500 kq olmaqla 8 aviabomba, yaxud 250 kq olmaqla 28 bomba daxildir. Təyyarənin birinin qiyməti 50 milyon dollara yaxındır, amma modifikasiyasından və silahlanmasından asılı olaraq qiymət dəyişə bilər.
Maraqlıdır ki, Su-27 modelindən başlayaraq “Suxoy” təyyarələri böyük ərazilərə malik ölkələr üçün nəzərdə tutulub. Bu baxımdan belə təyyarələri Ermənistanda tətbiq etmək olduqca mürəkkəb və bahalıdır. Mürəkkəb relyefə və ərazisinin ölçülərinə görə hətta sovet dövründə Ermənistanda hərbi hava bazası yox idi. Ekspertlər hesab edirlər ki, Ermənistanda havaya qalxan ağır qırıcı cəmi bir neçə dəqiqəyə qonşu ölkənin ərazisinə keçə bilər.
Ermənistanın keçmiş hakimiyyəti bu amilləri nəzərə alaraq qırıcıların alınmasında tərəddüd edib. Lakin Rusiya KİV-ləri bildiridi ki, Rusiya qırıcıların Ermənistana satılmasında maraqlıdır, çünki istehsalçı zavodun dayanmasını istəmir.
Qeyd edək ki, Azərbaycan postsovet regionunda (Rusiya istisna olmaqla) ən güclü hərbi hava qüvvələrinə malik olan ölkələrdən biridir. Ancaq Azərbaycan HHQ-nin silahlanmasında 4-cü nəsil (və daha yuxarı) qırıcılar yoxdur. Azərbaycan belə qırıcıları almaq üçün danışıqlar aparır, Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasına dair ilkin razılaşmanın mövcud olduğu bildirilir.
Mənbə:> Virtualaz.org