İsrailin F-35 qırıcıları İran səmalarında
İsrail Hərbi Hava Qüvvələrinin iki F-35 qırıcısı İran hava sahəsinə daxil olub və ölkənin nüvə obyektlərinin yerləşdiyi rayonlarda kəşfiyyat uçuşları keçirib.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Küveytin “Əl-Cəridə” nəşrinin internet saytı öz mənbələrinə istinadən yayıb. Bildirilir ki, İsrail qırıcılarının İran üzərində uçuşları cari mart ayında baş verib.
Məlumata əsasən beşinci nəsil İsrail qırıcıları Suriya və İraqın hava sahəsindən keçib, sonra İran hava məkanına daxil olub və Bəndər-Abbas, İsfahan və Şiraz əyalətləri üzərində kəşfiyyat missiyası həyata keçirib. Təyyarələrin İranın nüvə obyektləri üzərində böyük hündürlükdə uçduğu bildirilir.
Sayt yazır ki, İsrail qırıcılarını nəinki Suriya və İran radarları, eləcə də Suriyada yerləşdirilmiş Rusiya radarları qeydə almayıb. Bu əməliyyatın ABŞ-la koordinasiya olunduğu barədə məlumat yoxdur. Bununla belə sayt ABŞ-la İsrailin bir neçə həftə əvvəl keçirdiyi “Qıvrılan kobra” təlimlərinə diqqəti cəlb edir. Həmin təlimlərin ssenarisinə əsasən İsrail Suriyada “Rusiya amilini də nəzərə almaqla” əməliyyatları sınaqdan keçirib.
İsrail rəsmi qaynaqları F-35 qırıcılarının İran üzərində uçuşlarına dair məlumatı şərh etmir. Amma Küveytin “Əl-Cəridə” nəşri bundan əvvəl də dəfələrlə İsrail müdafiə ordusunun əməliyyatları barədə rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlar yayıb. İran və ərəb KV-ləri bu nəşri İsrail hakimiyyəti ilə əməkdaşlıqda ittiham edir.
Bununla belə İsrailin “Walla” portalı martın 15-də F-35 “Adir” qırıcılarının ilk döyüş əməliyyatında iştirakına dair məlumat yaymışdı. Lakin bu əməliyyatın detalları barədə heç nə deyilməyib. İsrail ordusunun komandanlığı isə qeyd edib ki, F-35 təyyarələrinin döyüş əməliyyatlarında tətbiqi hərbi aviasiyanın əməliyyat imkanlarını xeyli genişləndirir.
İsrailin F-35 “Adir” qırıcılarının daha əvvəl Suriyada bir neçə hava əməiyyatında tətbiq edildiyi barədə xarici qaynaqlar tərəfindən xəbərlər yayılmışdı. 2017-ci ilin dekabrında İsrail odu komandanlığı F-35 ”Adir” qırıcılarından ibarət ilk eskadrilyanın komplektləşdirməsinin başa çatdığını və eskadrilyanın döyüşə hazır olduğunu elan edib. İlk F-35 qırıcıları İsrailə 2016-cı ilin sonlarında çatdırılmışdı. ABŞ-ın “Loockhed Martin” şirkəti ilə bağlanmış müqaviləyə əsasən İsrail 2021-ci ilə qədər cəmi 35 belə qırıcı alacaq. Ötən ilin avqustunda isə daha 17 F-35 qırıcısının alınmasına dair müqavilə bağlanıb. Bu təyyarələr 2024-cü ilə qədər çatdırılacaq. Beləliklə də İsrail hava qüvvələri hərəsində 25 təyyarə olmaqla F-35 qırıcılarının iki eskadrilyasına malik olacaq.
F-35 qırıcıları İsrailin ən müasir və unikal silah sistemləri ilə təchiz edilib.
Mənbə:> Virtualaz.org