Rusiya Ermənistana 200 milyon dollarlıq silahın çatdırılmasını ləngidir
Bu günlərdə Ermənistan hökuməti Rusiya ilə silah alınmasına dair 100 milyon dollarlıq güzəştli kredit müqaviləsini təsdiqlədi. Müqavilənin yaxın aylarda, yaxud həftələrdə imzalanacağı gözlənilir. virtualaz.org qeyd edir ki, bu Rusiya tərəfindən Ermənistana silahlanma üçün verilən ikinci güzəştli kreditdir. 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmışdı ki, həmin pula Rusiyadan hərbi texnika və silahlar alınsın.
Bəs həmin kredit hesabına verilməsi nəzərdə tutulan silahların Ermənistana çatdırılması yekunlaşıbmı? Erməni KİV-lərinin xəbərlərinə görə “İnformasiyalı vətəndaşlar ittifaqı” adlı QHT-in sorğusuna Ermənistan Müdafiə Nazirliyinin göndərdiyi cavaba əsasən bu silahların çatdırılması çox ləng gedir.
Belə ki, 25 oktyabr 2017-ci il tarixinə olan məlumata görə erməni tərəfinin bu müqavilə üzrə kredit öhdəlikləri 66.6 milyon dollar təşkil edir. Başqa sözlə, müqavilənin imzalanmasından iki ildən çox vaxt keçdiyi bir vaxtda erməni tərəfi 200 milyon dollarlıq silahın cəmi üçdə birini alıb. Qrafikdən məlum olur ki, həmin 66.6 milyon dollarlıq silahların əksəriyyəti 2016-cı ilin dekabrında və 2017-ci ilin sentyabrında çatdırılıb. Ermənistanda hesab edirlər ki, Rusiyanın Azərbaycana, İraqa, Suriyaya və digər ölkələrə silahları hansı sürətlə çatdırdığı nəzərə alınarsa bu ləngimə anlaşılmazdır.
Müqavilənin müddəti iki ay sonra başa çatır və belə çıxır ki, qalan 133.4 milyon dollarlıq silahların çatdırılması dekabrın sonuna qədər yekunlaşmalıdır. Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Serj Sərkisyan Rusiyadan yaxın günlərdə yeni silahların gətiriləcəyini anons edib.
200 milyon dollarlıq müqaviləyə əsasən Rusiya Ermənistana 70-80-ci illərdə istehsal edilmiş bir sıra silahlar verməliydi. Lakin müqavilə “Smerç” və “Solntsepyok TOS-1A” kimi bir sıra yeni silahların da verilməsini nəzərdə tutur. Həmin silahlardan “Smerç” reaktiv yaylım atəşi sistemləri artıq Ermənistana çatdırılıb. 100 milyon dollarlıq yeni kredit müqaviləsi çərçivəsində Ermənistanın Rusiyadan hansı silahlar almağa hazırlaşdığı məlum deyil.
Mənbə:> virtualaz.org