Moskva 200 milyonluq silahı İrəvana vermir
Rusiya Bakı ilə münasibətləri nəzərə alaraq Ermənistana söz verdiyi silahları göndərməkdə gecikdirir.
İnterAz xəbər verir ki, “Lragir” saytı Rusiyanın Ermənistana verəcəyi 200 milyon dollar həcmində silahın gecikdirilməsinin səbəbləri haqqında yazıb.
Müdafiə naziri Seyran Ohanyan həmin silahların verilməsinin tezləşdiriləcəyinə dair açıqlama versə də, “lragir” qeyd edir ki, “dördgünlük müharibə” zamanı həmin silahlardan heç birinin verilmədiyi ortaya çıxdı: “Müharibəyə qədər Rusiya mətbuatı həmin silahların siyahısını dərc etdi. Azərbaycan tərəfi buna görə Rusiyaya nota verdi. Moskva da əmin etdi ki, həmin silahlar Azərbaycana qarşı istifadə olunmayacaq. Əslində Kreml Bakı ilə münasibətləri pisləşdirməmək üçün həmin silahların verilməsini gecikdirir”.
Sayt silahın gecikdirilməsi ilə bağlı başqa bir versiya da irəli sürür.
“Xəbərə görə, bu işdə Rusiya ermənilər ittifaqının rəhbəri Araras Abramyanın da rolu var. Belə ki, onun müəssisələrindən biri “Rosoboroneksport”un tərəfdaşıdır. Araras həmçinin “Rostex”in sahibi Sergey Çemezovla qonşudur. Araras öz zavoduna sifarişi təmin etmək üçün Ermənistana silahın verilməsi gecikdirilir”, - deyə sayt yazıb.
Qeyd edək ki, ötən il İrəvanda Rusiyaya qarşı keçirilən “elektromaydan” hadisələrindən sonra Kreml erməniləri sakitləşdirmək üçün 200 milyon dollarlıq silahın kredit şəkilində verilməsi ilə bağlı müqaviləyə imza atmışdı. Lakin indiyə qədər nəzərdə tutulan həmin silahlar verilməyib.
Mənbə:> inter.az