Paşinyan ölkəni tənəzzül və siyasi xaosa sürükləyir
Ermənistanda istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə ağırlaşması müşahidə olunur.
Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, dekabrın ilk on günlüyündə keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra da işğalçı ölkədə müsbətə doğru dəyişikliyin olmayacağı gözlənilir. Əhalinin sosial vəziyyəti dözülməz həddədir, ancaq hökuməti bunların heç biri maraqlandırmır. Bir vaxtlar Sarkisyan rejimini sərt tənqid edən təhlükəsizlik xidmətinin sabiq rəhbəri David Şahnazaryan indi də Nikol Paşinyanı ölkəni tənəzzül və siyasi xaosa sürükləməkdə günahlandırır. O, cəmiyyəti hökumət rəhbəri olmağa iddialı bu şəxsi təcili şəkildə zərərsizləşdirməyə çağırıb. Əks təqdirdə qarşıdakı dövr ərzində Ermənistan kifayət qədər çətin vəziyyətlə üzləşəcək.
Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın seçkiqabağı kampaniyada aktiv iştirak üçün məzuniyyətə çıxdığını elan etməsindən sonra ona qarşı təzyiqlər də artmağa başlayıb. Belə ki, o, daha əvvəl seçkiqabağı kampaniya üçün məzuniyyətə ehtiyac duymadığını deyirdi. Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan keçirdiyi mətbuat konfransında baş nazir səlahiyyətlərini icra edən bu şəxsin aşkar surətdə “Mənim addımım” blokunu ölkə maraqlarından üstün tutduğunu bildirib. Qeyd edib ki, Ermənistan bu qədər problemlə üzləşdiyi bir vaxtda baş nazirin siyasi ambisiyalarına görə iki həftəlik məzuniyyət götürməsi yolverilməzdir. “Doğrudanmı bu adam üçün ölkənin iqtisadi və sosial vəziyyəti, KTMT ilə bağlı yaranan problemlər heç bir əhəmiyyət kəsb etmir?! Paşinyan ancaq səs dalınca qaçır. Onsuz da seçkiləri udacaq, ancaq hələ də daha çox səs yığmağı düşünür”,- deyə A.Aşotyan bildirib.
O vurğulayıb ki, Paşinyanı və onun komandasını seçki gecəsi böyük sürpriz gözləyir. “Qanunilik ölkəsi” partiyasının sədri Artur Baqdasaryan isə qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 8 ay ötsə də, hər hansı bir yenilik qeydə alınmayıb.
A.Aşotyan deyib: “Səkkiz ay keçib, bu müddətdə 30 il ərzində yığılıb qalan problemləri həll etmək mümkün deyil. Ermənistanda seçkilərdən sonra da hər hansı bir yeniliyin olmayacağını əhali özü də yaxşı başa düşür. Hər an sosial partlayışların olacağı istisna edilmir. Səfalət içində yaşayan insanların sayı bir qədər də artıb. Ağır həyat şərtlərinə dözə bilməyən əhali miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Əyalətlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Həmin ailələrin əməkqabiliyyətli kişiləri isə ölkə xaricində miqrant kimi çalışırlar. Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin 50 faizə qədəri işsizdir. 2019-cu ildə isə dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Bu isə vəziyyəti daha da ağırlaşdıracaq”.
Mənbə:> Virtualaz.org