Sloveniya Silahlı Qüvvələrinə qadın rəhbərlik edəcək
Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qadın olacaq.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, noyabrın 27-də Sloveniya hökuməti müdafiə naziri Karl Eryavcın təqdimatına əsasən general-mayor Alenka Ermentsin bu vəzifəyə təyin edilməsi barədə qərar qəbul edib. O bu vəzifədə briqada generalı Alan Gederi əvəzləyib.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Erments eyni zamanda NATO ölkələri içərisində yeganə qadın ordu rəhbəridir.
Alenka Erments həm də Lublana Universitetində ictimai elmlər bakalavrıdır, 2009-cu ildə isə London Kral Hərbi Elmlər Kolejini müvəffəqiyyətlə bitirib. İndiyədək Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan 55 yaşlı Ermentsə general-mayor rütbəsi ötən həftə verilib və adı ölkədə general ranqına yüksələn ilk qadın kimi tarixə düşüb. 27 ildən bəri sloven ordusunda xidmət göstərən ordu rəhbəri 1991-ci ildə ölkənin azadlığı uğrunda mübarizədə və Yuqoslaviyanın parçalanması zamanı baş verən silahlı münaqişələrdə fəal iştirak edib.
Mənbə:> Virtualaz.org