Kadırov tapançasına status yazdı və...
Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.
RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.
“Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, - deyə Kadırov öz postunda yazıb.
Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.
Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara siyahı”sına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.
Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.
Mənbə:> RİA Novosti