NATO Avropada yeni nüvə silahları yerləşdirməyəcək
NATO üzrə müttəfiq dövlətlər Rusiyanın orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilənin şərtlərini pozması qarşılığında ABŞ-ın həmin sazişdən çıxmaq istəyinə rəğmən Avropada daha çox nüvə silahları yerləşdirməyi planlaşdırmırlar.
Azvision.az xəbər verir ki, bu cür bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
“Düşünmürəm ki, buna cavab olaraq NATO-nun Avropa üzrə müttəfiq dövlətləri daha çox nüvə silahı yerləşdirəcəklər. Rusiyanın “SSC-8” yer tipli qanadlı reketləri təkmilləşdirmək qərarı Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilənin artıq effektsiz olduğunu göstərdi. NATO üzrə bütün müttəfiqlər ABŞ-ın həmin müqaviləyə tam uyğun davrandığı ilə razılaşırlar. Problem, təhdid və çağırış Rusiyanın davranışlarındadır” – Stoltenberq vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Lakin Tramp konkret hansı şərtlərin pozulduğunu açıqlamayıb.
Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison isə bildirmişdi ki, Rusiyanın orta mənzilli raketləri Vaşinqtonla Moskva arasında imzalanan müqaviləyə ziddir və gələcəkdə Rusiyanın Avropaya qarşı nüvə hücumu həyata keçirməsində istifadə oluna bilər. Əgər Moskva nüvə başlığı daşıyan orta mənzilli ballistik raketlərin təkmilləşdirilməsi və istehsalını davam etdirsə, ABŞ özünü və müttəfiqlərini qorumaq üçün Rusiyaya qarşı hərbi hücum variantını da nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.
Mənbə:> Azvision.az