Rusiyalı politoloq: “Paşinyan Dağlıq Qarabağ məsələsində güzəştlərə hazır deyil”
“Hesab edirəm ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma mən fikirləşirəm ki, o bu güzəştlərə hazır deyil”.
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, “vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin “kəskinliyini” və “qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin.
S.Markov hesab edir ki, N.Paşinyan Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməli olduğunu bildirməklə prosesdə mövqeyinin kəskinliyini nümayiş etdirib: “Hesab edirəm ki, daxili siyasi səbəblərlə əlaqədar Ermənistan hökumətindən güzəştlərə getməyi gözləmək lazım deyil. İndi bu mənə az inandırıcı gəlir, ona görə də bu məsələ ilə bağlı məndə nikbinlik yoxdur. Nikbinlik əvvəllər var idi. Bir il yarım – iki il əvvəl danışıqlar daha sıx və uğurlu idi və mən təsdiq edirəm ki, o zaman yolun 95 faizi keçilmişdi. Çox böyük ehtimalla 2016-cı ilin sonunadək ilk məcburi köçkün ailələri doğma yurdlarına qayıda bilərdi. Amma bu baş vermədi. Bu məsələdə son addımlar qət edilmədi”.
Mənbə:> Virtualaz.org