ABŞ generalı dəhşət saçan yeni silahdan danışdı
Hazırda ABŞ-ın uzaq təsirli neytron şüası yaratmaq üçün texnologiyası var.
Oxu.Az xəbər verir ki, bu barədə Breaking Defense-yə ABŞ ordusunun Kosmik və raketdən müdafiə komandanlığının keçmiş rəhbəri, ehtiyatda olan general-leytenan Devid Mann bildirib.
Onun sözlərinə görə, bu ixtira vakuumda uzun məsafəyə işıqdan təxminən yeddi dəfə yavaş sürətlə hərəkət edən daristiqamətli neytron axını almağa imkan verir.
Qurğuya neytron şüası generatoru, nişanalma sistemi və qidalanma mənbəyi daxildir. Qurğunun ümumi çəkisi bir neçə yüz kiloqram təşkil edir.
Neytron şüasından istifadənin ən prioritet istiqaməti düşmənin ballistik raketinin bölünən döyüş başlıqları arasında nüvə bloklarını digərlərindən (aldadıcı döyüş başlıqlarından) fərqləndirərək, aşkar etməkdir. Neytron şüası uran və plutoniumla reaksiyaya girərək, qamma-şüalanmaya səbəb olur ki, bu da raketdən müdafiə sistemlərinə həmin nüvə başlığını dəqiq tapmağa imkan verir.
Hərbçi həmçinin əlavə edir ki, generatorun gücü artırıldıqda neytron şüasından düşmən texnikasında elektron komponentlərin sıradan çıxarılması, həmçinin düşmən raketinin döyüş başlığının məhvi üçün istifadə edilə bilər.
Mann qeyd edir ki, amerikalı hərbçilər artıq 20 metrədək dərinlikdə basdırılmış partlayıcı maddələrin aşkarlanması üçün neytron şüalarından istifadə edirlər.
Mənbə:> Oxu.Az