Tbilisidə Ermənistana qarşı etiraz aksiyası keçirildi
Tbilisidə Ermənistan səfirliyi qarşısında bir qrup Gürcüstan vətəndaşı etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, aksiya iştirakçıları Ermənistanın BMT-nin Baş Assambleyasında Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı qətnamənin əleyhinə səs verməsinə etiraz ediblər.
Etirazçılar bildiriblər ki, Ermənistan sənədi dəstəkləməməklə Gürcüstan xalqına qarşı çıxıb.
Aksiya zamanı Ermənistan səfirliyinin əməkdaşı və etirazçılar arasında mübahisə yaranıb. Səfirlik əməkdaşı aksiyanı təxribat adlandıraraq etirazçılardan ərazini tərk etməyi tələb edib. O, həmçinin aksiya iştirakçılarından Ermənistanın BMT-də Gürcüstanla bağlı sənədin əleyhinə səs verməsi ilə bağlı sübutun təqdim olunmasını da tələb edib.
Qeyd edək ki, iyunun 12-də BMT Baş Assambleyasının 72-ci sessiyasında Gürcüstanın irəli sürdüyü qətnamə qəbul olunub. “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 81 ölkə dəstəkləyib. Ermənistan qətnamənin əleyhinə səs vermiş 16 ölkədən biri olub. Ermənistan 2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılması ilə bağlı qətnaməni dəstəkləmir.
Mənbə:> APA