Gürcüstanda Rusiya əleyhinə kütləvi etiraz aksiyası keçirilib
“Milli Hərəkat” partiyası (sabiq prezident Mixail Saakaşvilinin partiyası) yüzlərlə üzvü, eləcədə bir neçə QHT və KİV-lərin nümayəndələri ötən gün Tiflisdə hökuməе administrasiyası qarşısında ölkə rəhbərliyinin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirib.
AzNews.info İnterfax-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan hökümətini fəaliyyətsizlikdə ittiham edərək Rusiya tərəfindən həyata keçirilən “sürünən işğal”a və Abaşidze-Karasin danışıq formatının ləğv edilməsini tələb ediblər.
“Biz hökümətdən zərərli Abaşidze-Karasin danışıq formatının ləğv edilməsini və Rusiya tərəfindən həyata keçirilən “sürünən işğal” siyasətinə son qoyulmasını tələb edirik”, - Gürcüstanın keçmiş mədəniyyət naziri Nika Rurua jurnalistlərə açıqlamasında deyib.
Dünən, şənbə günü, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tsxinval bölgəsindəki Cənubi Osetiyanın “sərhədlərini” müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasını şərh edərkən bəyan edib ki, ölkə rəhbərliyi itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına çalışacaq.
Gürcüstan XİN məsələ ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Rəsmi Tiflis Rusiyanın Baku-Supsa neft kəmərinə nəzarəti ələ keçirməyə çalışdığını bildirib. Gürcüstan tərəfinin iddiasına görə, yeni məlumat lövhələrinin 300 metr irəli çəkilməsi nəticəsində Bakı –Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.
Öz növbəsində Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin məlumat lövhələrinin əvvəlki yerlərində olduğunu bildirib.
Mənbə:> Interfax.Az