Ermənistan növbəti dəfə Gürcüstana qarşı çıxdı
BMT Baş Assambleyasının iclasında qaçqınların Gürcüstanın separatçı Abxaziya və Tsxinvali regionlarına qayıtmaq hüququ haqqında qətnaməni dəstəkləməyən ölkələrin siyahısı açıqlanıb, Oxu.Az “Qruziya-onlayn”a istinadən xəbər verir.
Qətnaməni 75 ölkə dəstəkləyib, 16-sı əleyhinə səs verib.
Gürcü qaçqınlarının öz evlərinə qayıtmasının əleyhinə Rusiya və Ermənistan çıxış ediblər.
Bundan başqa, Belarus, Kuba, Vyetnam, Laos, Nauru, Birma, Nikaraqua, Zimbabve, Suriya, Sudan, Burundi, Şimali Koreya, Maldiv adaları, Venesuela da sənədin əleyhinə səs veriblər.
Qətnamə Abxaziya və Tsxinvali regionunda fasiləsiz humanitar fəaliyyətin həyata keçirilməsi, qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququnun qorunmasının əhəmiyyətini vurğulayır.
Sənəd separatçı regionlarda zorakı yolla həyata keçirilən demoqrafik dəyişiklikləri pisləyir və Cenevrə danışıqları iştirakçılarını qaçqınların öz evlərinə qayıtmaları üçün səylərini fəallaşdırmağa çağırır.
Bundan başqa, sənəd BMT Baş katibinə məcburi köçkünlərlə bağlı məsələ ətrafında hər il Baş Assambleyada məruzə ilə çıxış etməyi həvalə edir.
Mənbə:> Oxu.Az