Prezident Ağdamın icra başçısını işdən çıxardı, Binəqədiyə yeni başçı təyin etdi
Virtualaz.org və haqqin.az dəfələrlə Raqub Məmmədovun Ağdam rayonunda törətdiyi əməllər barədə yazıblar. Həmin məqalələrdə qeyd olunurdu ki, İcra Hakimiyyətinin başçısı sahibkar Xaqani Əliyevin bələdiyyədən və ayrı-ayrı vətəndaşlardan icarəyə götürdüyü 23 hektar torpağını əlindən alıb.
Rayon başçısı heç nədən çəkinmir və sahibkarın cins inəyini və hətta restoranındakı qab-qacağı da əlindən almışdı. Xaqani Əliyev ondan şikayət etməyə cəhd etdikdə isə Eldar Mahmudovun adamı olan Raqub Məmmədov yerli güc strukturlarının bütün qüvvəsini fermerin üstünə tökmüşdü.
Yeri gəlmişkən, Xaqani ƏIiyev Ağdam rayonundakı məmurların özbaşınalığı ilə üzləşmiş yeganə iş adamı deyil. Raqub Məmmədov barəsində şikayətlər mütəmadi olaraq yerli KİV-lərdə əksini tapırdı.
Raqub Məmmədov
* * *15:05
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.
Virtualaz.org xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
Prezidentin bu gün imzaladığı digər sərəncamla Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.
Mənbə:> Virtualaz.org