Ermənilər Paşinyana kömək üçün Trampdan pul istədilər
Amerika Erməniləri Milli Komitəsi (ANKA) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Vaşinqtondan kömək istəyib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ANKA ABŞ-ın dövlət katibi Maykl Pompeonu Ermənistana 140 milyon dollar qrantın verilməsinə kömək etməyə çağırıb.
"İndi hərəkət etməyin əsl vaxtıdır. "Minilliyin çağırışları" korporasiyası Ermənistanın demokratik inkişafında, ABŞ və Ermənistan münasibətlərinin yeni fəslində mərkəzi rol oynaya bilər. Biz sizi dərhal "Minilliyin çağırışları"nın yeni paketinin müzakirəsinə təşəbbüs etməyə çağırırıq", - deyə ANKA sədri Raffi Xamparyanın Pompeonun adına göndərdiyi məktubda bildirilir.
Məktubda qeyd edilir ki, qrant ölkənin dövlət məktəblərində elm, informasiya texnologiyaları, incəsənət və riyaziyyat sahəsində proqramların reallaşdırılmasına yönəldiləcək.
Ermənistan əvvəllər "Minilliyin çağırışları" korporasiyasının iştirakçısı sırasında idi. Lakin 2008-ci il mart qətliamından sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi proqramın bərpası istiqamətində fəallıq göstərirlər.
Bu ilin martında isə Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdə olublar. Nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı "Minilliyin çağırışları" korporasiyası ilə Ermənistanın əməkdaşlıq perspektivləri müzakirə edilib.
Mənbə:> Virtualaz.org