Qərbi Asiya İttifaqı danışıqları: Azərbaycan, Rusiya, Türkiyə...
Türkiyədə dərc olunan “Aydınlık” qəzeti yazır ki, Türkiyəni illər boyu dəhşətli və o qədər də real olmayan Rusiya ilə hədələyərək aldadıblar və Qərb dövlətləri ilə ittifaqda sığınacaq tapmağa məcbur ediblər.
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, müəllifin fikrincə, deyilənlərin əksinə olaraq, döyüş meydanında Türkiyənin strateji tərəfdaşlıq qura bildiyi əsas nümunə məhz Rusiya oldu.
Türkiyə ilə Rusiya arasındakı təbii qaz boru kəmərinə investisiyalar özünü “Türk axını” layihəsi ilə büruzə verdi. Bundan əlavə, “Akkuyu” atom-elektrik stansiyasının tikintisi ilə bu tərəfdaşlığa enerji sahəsi də qatılıb. Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alışı ilə həmin tərəfdaşlığın hərbi sahəyə genişləndirilməsinə səbəb olub. Bunlardan savayı, iki ölkənin işbirliyi kənd təsərrüfatı, heyvandarlıq və turizm sektorlarını da əhatə edir və bu əməkdaşlıq durmadan inkişaf edir. Yaxın gələcək üçün nəzərdə tutulan nəhəng layihələr isə həmin bu strateji xarakterlik tərəfdaşlığı daha da möhkəmləndirəcək.
Daha əvvəllər Astanada və Soçidə aparılmış, aprelin 4-də isə Ankarada təşkil olunacaq danışıqlar onu nümayiş etdirir ki, Türkiyə-Rusiya tərəfdaşlığına İran da qoşulur.
Bildirildiyinə görə, bu ittifaqa Suriyanın, İraqın, Livanın, Qətərin və Azərbaycanın da qoşulması ilə strateji tərəfdaşlıq müstəqil “Qərbi Asiya İttifaqı” adlı qütbə çevriləcək.
Müəllif iddia edir ki, bununla da, dünyanın tək qütblü sistemdən çox qütblü sistemə keçdiyi bir dövrdə dünyada yeni və fövqəlgüclərlə rəqabət apara biləcək qütb formalaşır.
Mənbə:> Virtualaz.org