Məmmədyarov: Türkiyə strateji müttəfiqimiz, Rusiya isə strateji tərəfdaşımızdır
Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri demək olar ki, bütün sahələrdə dinamik inkişaf edir. Azərbaycan hər iki ölkə ilə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət ayırır.
Oxu.Az xəbər verir ki, bu sözləri “Business Year-2016” jurnalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır.
“Ölkələrin münasibətlərinin tarixi kökləri var, imzalanmış sənədlərin həcmi, həmçinin müntəzəm qarşılıqlı səfərlər möhkəm əlaqələrin daha bir sübutudur”.
E.Məmmədyarov təəssüflə qeyd edib ki, Rusiya təyyarəsinin vurulması ilə bağlı hadisə ölkələr arasında münasibətlərə mənfi təsir göstərib.
“Bu gün Rusiya və Türkiyə arasında olan münasibətlər Azərbaycan üçün arzuolunan deyil. Rusiya və Türkiyə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunmasında mühüm rol oynayırlar və Azərbaycan əvvəlki kimi hər iki ölkə ilə münasibətlərinin bütün mümkün üsullarla genişləndirilməsində maraqlıdır.
Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq”.
Mənbə:> Oxu.Az