ABŞ-dan şok etiraf: “Moskvanın bu silahları qarşısında acizik”
ABŞ-ın Rusiyanın hipersəsli silahlarına müqavimət göstərəcək gücü yoxdur.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının rəhbəri general Con Hayten deyib.
Generalın sözlərinə görə, bu vəziyyətdə yeganə müqavimət vasitəsi özündə triada və nüvə zərbəsi imkanlarını cəmləşdirən müdafiə qüvvələri ola bilər.
Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın yeni yaradılan “Xəncər” və “Sarmat” raket komplekslərinin dünyada analoqu olmadığını açıqlamışdı.
Putinin sözlərinə görə, “Sarmat” ağır qitələrarası ballistik raketlərinin uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yeni raket kompleksləri SSRİ-də yaradılan “Voveda” komplekslərini əvəzləyəcək. “Sarmat” onu uçuş məsafəsinin uzaqlığı, hərbi blokların sayı və gücünə görə üstələyir.
Putin qeyd etmişdi ki, raketlər həm cənub, həm də şimal qütbündə hədəfləri vurmaq qabiliyyətinə malikdir və heç bir Hava Hücumundan Müdafiə sistemi ona mane ola bilməz.
Raket hədəfə uçarkən ballistik uçuş trayektoriyasından istifadə etmədiyi üçün dağları və raket əleyhinə, həmçinin hava hücumuna qarşı müdafiənin zonalarını dolanmaq imkanına malikdir.
Putin vurğulamışdı ki, Rusiyadan başqa bu silah heç kimdə yoxdur: “Digərlərində olsa, onda bizim uşaqlar yeni nəsə yaradacaqlar”.
Putin, çıxışında həmçinin “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin yaradıldığını elan etmiş və bu sistemin sınağının keçirilmə kadrları təqdim olunmuşdu. Onun sözlərinə görə, bu sistem dəniz və quru hədəflərini yüksək dəqiqliklə vurur, adi və ya nüvə başlığı daşıya bilir.
Hərbi ekspertlər belə hesab edirlər ki, “Xəncər” ABŞ-ın təyyarədaşıyan gəmi qruplaşmasına qarşı hazırlanıb. Bu raket istənilən raketdən və havadan müdafiə sistemlərindən yayınaraq əvvəlcədən proqnozlaşdırılmayan trayektoriya üzrə hərəkət edir.
Mənbə:> Virtualaz.org