Türkiyə, Azərbaycan və Rusiyanın S-400, "Xəncər” raket kompleksləri...
Rusiyanın raket əleyhinə "Triumf" S-400 sistemlərinin Türkiyəyə satışı epopeyası davam edir. Martın 14-də Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin başçıları Sergey Lavrov və Mövlud Çavuşoğlu bu məsələni müzakirə ediblər. Xatırladaq ki, müqavilə artıq imzalanıb. Ancaq imzalama və reallaşdırma - bunlar ayri-ayrı şeylərdir.
Uzaq mənzilli zenit raket sistemi "Triumf" S-400 silahlandırılmaya 2007-ci ildə qəbul edilib. O, aviasiyanın - qanadlı və ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulub, həmçinin orta hərəkət radiusu yerüstü obyektlərə qarşı da tətbiq edilə bilər.
Virtualaz.org-un artıq yazdığı kimi, Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə S-400 Rusiya zenit-raket komplekslərinin ən tez vaxtda çatdırılmasında maraqlıdır. Əlbəttə, bunda Rusiya da maraqlıdır, axı NATO ölkəsinin silahlandırılmasında Rusiya kompleksi də yer alacaq. Amma məsələ ondadır ki, nə vaxt?
Daha əvvəl, keçən ilin sonunda, hətta bildirilirdi ki, Rusiya Türkiyəyə S-400 üzrə müqavilənin bir hissəsinin ödənişinə kredit verməyə hazırdır. Çatdırılmanın özü isə 2019-cu ilin sonuna, 2020-ci ilin başlanğıcına planlaşdırılırdı.
Yeri gəlmişkən, açıq mənbələrə əsasən, S-400-ün çatdırılması barədə Türkiyə ilə müqavilənin ümumi məbləği bütovlükdə 2,5 milyard dolları ötür. Cəmi dörd divizionun çatdırılması planlaşdırılır.
"Triumf" S-400
Rusiyanın bu kompleksinin alınması təhlükəsi ilə bağlı NATO tərəfindən Türkiyəyə bir neçə dəfə xəbərdarlıq edilib. NATO-nun Hərbi komitəsinin başçısı, çex generalı Pyotr Pavel də buna qarşı çıxıb. ABŞ-da isə Türkiyəyə qarşı hətta sanksiyaların tətbiqi haqda danışırdılar. Ancaq bütün bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qorxutmadı.
Türk lideri zenit raket sistemlərinin alınması haqda danışarkən bir neçə dəfə qeyd edib ki, Ankara onu illərlə ABŞ-dan ala bilməyib: “Suriya ərazisindən hücumlar, xüsusilə də hava hücumundan müdafiə sahəsində Türkiyənin müdafiə potensialı sisteminin möhkəmləndirilməsi və müasirləşdirilməsini zəruri edib. Biz bir sıra dövlətlərlə danışıqlar apardıq və qiymətlərlə yanaşı, texnologiya köçürülməsi məsələsini müzakirə etdik. Rusiya gözləntilərimizə cavab verdi”.
Eyni zamanda prezident qeyd edib ki, S-400 üzrə hər hansı müqaviləni NATO ilə əlaqələndirmək yersizdir. Ərdoğan xatırladıb ki, bugünkü gündə digər NATO üzvü olan Yunanıstanın silahlanmasında S-300 var.
Türkiyənin bu komplekslərə marağı təsadüfi deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zenit-raket kompleksləri istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Üstəlik, bir S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı, yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.
Bundan bağqa, “Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.
Hipersəsli aviasiya kompleksi "Xəncər
Bununla belə, türk politoloqu Engin Özər virtualaz.org-a açıqlamasında deyib ki, Türkiyə üçün S-400-ü almaq üzrə saziş aktual olmaya bilər. Çünki bu yaxınlarda Rusiyada ən yeni hipersəsli "Xəncər" raketi kompleksinin yaradılması haqda məlumat yayılıb. Bildirilir ki, səsdən dəfələrlə iti uça bilən “Xəncər” 2 min kilometr məsafədə dəniz və quru hədəflərini yüksək dəqiqliklə vurur, adi və ya nüvə başlığı daşıya bilir.
Hərbi ekspertlərə görə, “Xəncər” ABŞ-ın təyyarədaşıyan gəmi qruplaşmasına qarşı hazırlanıb. Bu raket istənilən raketdən və havadan müdafiə sistemlərindən yayınaraq əvvəlcədən proqnozlaşdırılmayan trayektoriya üzrə hərəkət edir.
"Bir halda ki, S-400 sistemi elə həmin Rusiyanın "Xəncər"lərindən qorumayacaq, onda Türkiyə böyük pullar müqabilində onu niyə almalıdır?” – deyə türk analitiki soruşur.
O etiraf edib ki, əvvəlcə Türkiyənin C-400 sistemlərini almasının tərəfdarı olub. Amma indi artıq belə düşünmür. Yenə də raket əleyhinə heç bir müdafiə sisteminin qarşısını ala bilməyəcək həmin "Xəncər"lərə görə.
"Mən NATO üzvü olan Türkiyənin vətəndaşıyam. Və buna görə indi hesab edirəm ki, Ankaraya Rusiya S-400-ü lazım deyil. Təkrar edirəm: əgər bu komplekslər təhlükəsizliyi təmin etməyəcəksə, onları almaq lazım deyil. Türkiyə, əlbəttə, Moskva ilə mehriban münasibətləri saxlamağa çalışır, amma Rusiyada yeni silah haqda informasiyanın yayılması üzrlü bəhanə ilə S-400-ün alınmasından imtina etməyə səbəb ola bilər. Allah eləməsin, bir anlığa təsəvvür edin ki, bir neçə il sonra Türkiyənin Rusiya, yaxud İran və ya həmin Suriya ilə münasibətləri mürəkkəbləşəcək, onda "Xəncər”lərdən müdafiəni təmin etməyən S-400 ona kömək edəcəkmi? Özü də bununla eyni vaxtda Ankara və Vaşinqton arasındakı bütün diplomatik problemlər həll edilər”, - deyə analitik bildirib.
Engin Özerin sözlərinə görə, nə qədər ki, Türkiyə NATO-nun daimi üzvüdür, "Xəncər" raketləri onun üçün də hədə vasitəsi olaraq qalır.
"Amma qeyd etmək istəyirəm ki, Türkiyənin S-400 sistemlərini almaq və ya ondan imtina etmək haqda istənilən qərarı Azərbaycan üçün heç bir təhlükə yaratmır. Hətta Ankara ilə Moskva arasında ciddi problemlər olanda belə, bu, Azərbaycana təsir etmədi. Bakının xarici siyasəti olduqca balanslıdır", - deyə türk eksperti vurğulayıb.
Mənbə:> Virtualaz.org