Erməni diasporu: Sarkisyan Qarabağı qaytara bilər
Ermənistanda gündəliyə yeni və mühüm məsələ gəlib: əraziləri Azərbaycana kim qaytaracaq – "ingilis kraliçası", yoxsa gələcək baş nazir Serj Sarkisyan?
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, "ingilis kraliçası” dedikdə Ermənistanın yeni prezidenti Armen Sarkisyan nəzərdə tutulur.
Erməni hakimiyyətində daxili münasibətlər həqiqətən də mürəkkəbləşib. Yerevan portalı "Birinci informasiya"nın yazdığı kimi, baş nazir Serj Sarkisyan… öz gələcək fəaliyyətində heç də prezident Serj Sarkisyanın davamı olmayacaq. Səbəb çox sadədir – baş nazir Serj Sarkisyan “de-yure” başqa reallıqlardan çıxış edəcək...
Amma ən əsası xarici siyasətdir: Qarabağ münaqişəsinin nizama salınması üzrə elçi-danışıq aparan kim olacaq? "Rosbalt"ın icmalçısı İrina Djorbenadzenin yazdığı kimi, əvvəllər Bakı ilə danışıqları Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Eduard Nalbandyan və prezident Serj Sarkisyan aparırdılar. "Əgər bu yükü yeni, amma şərti dövlət başçısının şəxsində "təzə kadr" öz üzərinə götürərsə, bu olduqca faydalı olardı. Lakin hər şey Sarkisyanın baş nazirlə münasibətdə nə dərəcədə sərbəst olacağından və sonuncunun şəxsiyyətindən asılı olacaq: xatırladaq ki, Serj Sarkisyanın yenidən real dövlət başçısı, prezidentin isə onun yanında "ingilis kraliçası” olacağı istisna olunmur...”, - deyə İrina Djorbenadze qeyd edir.
Lakin Ermənistanda praktiki olaraq əmindirlər ki, Qarabağ üzrə danışıqları yeni prezident – "ingilis kraliçası" aparacaq. Bütün hakimiyyət isə həqiqətən gələcək baş nazirin əllərində cəmləşəcək. Bu səbəbdən Ermənistan Təhlükəsizlik Şurasının bütün qərarlarını bundan sonra məhz baş nazir imzalayacaq. Erməni qanunlarına əsasən isə ölkənin müdafiə siyasətinin əsas istiqamətlərini Təhlükəsizlik Şurası müəyyən edir.
Avropanın erməni diasporu baş nazir olarkən Serj Sarkisyanın əraziləri qaytara biləcəyi ilə əlaqədar artıq ciddi narahatçılığını ifadə edib. Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan qeyd edib ki, Avropada (erməni diasporunda – red.) Təhlükəsizlik Şurası və bu struktura verilən səlahiyyətlərlə bağlı böyük narahatçılıq var.
"… Təhlükəsizlik Şurasının rolunun Milli Məclisdən üstün səviyyəyə qaldırılması bir hədəfi təqib edir – Ermənistan “azad edilmiş” (dırnaq bizimdir-virtualaz.org) əraziləri qaytarmalıdır. Bu məsələ ona görə Milli Məclisdən hamının baş nazirə tabe edildiyi Təhlükəsizlik Şurasına daşınır ki, Serj Sarkisyan əraziləri xalqla müzakirə etmədən qaytara bilsin. Biz bəyan edirik ki, əgər nəsə oxşar bir şey baş verərsə, onda, şübhəsiz, xalq üsyanı başlayacaq…".
Beləliklə, bütovlükdə hər şey məntiqi ssenariyə uyğunlaşdırılır. Real səlahiyyətlərə malik olmayan prezident Armen Sarkisyan danışıqlar aparır və nəticədə hansısa razılıq əldə edilir. Və sonra real səlahiyyətlərə malik olan baş nazir Serj Sarkisyan prezidentə və Ermənistan Təhlükəsizlik Şurasının qərarına istinad edərək, sadəcə sənədi imzalayır. Yəni nəzərə alın: "qərarı mən verməmişəm!”.
O ki qaldı "xalq üsyanları", onların qarşısını almaq üçün güc strukturları var, yeri gəlmişkən, hansılar ki, məhz baş nazirə tabedirlər.
Mənbə:> Virtualaz.org