"Sarkisyan heç bir tələfat olmadan da əraziləri verə bilərdi"
Ermənistan prezidenti Serj Sarkisyan yenə də tənqidə məruz qalıb.
ANS PRESS-in məlumatına görə, ölkə rəhbərinin hərəkətlərindən bu dəfə "Milli müqəddəratını təyin etmə" birliyinin sədri Paruyr Hayrikyan narazı qalıb.Bu gün mətbuat konfransında çıxışı zamanı sədr bildirib ki, Ermənistan prezidenti 800 hektar ərazini itirilmiş hesab edirsə, onu tələfat olmadan da verə bilərdi.
Paruyr Hayrikyan deyib ki, indi əsas məsələ həqiqətən həmin ərazilərin itirilib-itirilməməsi deyil. Əsas məsələ prezidentin xalqa yalan danışmasıdır. "Axı niyə əvvəldən xalqı aldadırdın? Əgər biz sülh yolu ilə gediriksə, onda prezident deməli idi: "Biz o halda danışıqları davam etdirəcəyik ki, 1994-ci ilin mövqeyini yenidən bərpa edə bilək". Hazırda da Sarkisyanın heç nə danışmaması öz yalanlarını bir daha ört-basdır etməsinə bir nümunədir".
Mayın 17-də Vyanadakı görüşdən qayıdan Ermənistan prezidenti Serj Sarkisyan erməni KİV-indən birinə müsahibəsində ərazilərin itirilməsi mövzusuna toxunaraq qeyd edib ki, xəritə mövcuddur və hesablamalar aparılır. "Əgər nəyisə itirirsənsə, bunu başa düşmək lazımdır. Həmin ərazinin hansı əhəmiyyətə malik olmasından asılı olmayaraq bunu qəbul etməlisən, bu istər strateji, istər taktiki, istərsə də bir qədər psixoloji əhəmiyyətə malik olsa belə. Biz 800 hektara yaxın ərazi itirmişik", - deyə prezident vurğulayıb.
Mənbə:> ANSPRESS