Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi
“Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”.
APA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
Afrinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini vurğulayan R. T. Ərdoğan bildirib ki, mühasirə nəticəsində terrorçular tərəfindən Afrin şəhər mərkəzinə göndərilən yardımların önü kəsiləcək: “Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin “qırmızı cizgiləri”ni yox sayanların alınlarına bu “qırmızı cizgi”ni çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik”.
Türkiyə prezidenti bir daha ABŞ-ın PYD/YPG-yə 5 min yük maşını, 2 min yük təyyarəsi ilə silah və texnika göndərdiyini qeyd edib: “Bunu dansalar da, fotoları, görüntüləri təqdim edəndə deyirlər ki, 3-5 gün, 3-5 həftə ərzində aradan qaldıracağıq. Biz danışıqlarla bərabər sahədə əməliyyatlarımızı davam etdirəcəyik. Dünən Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir”.
R. T. Ərdoğan indiyə qədər Suriyanın Afrin bölgəsində həyata keçirilən Zeytun budağı” əməliyyatında 1715 terrorçunun məhv edildiyini, türk ordusunun 32 hərbi qulluqçusunun şəhid olduğunu bildirib.
Qeyd edək ki, Qamışlı şəhəri Suriyanın şimalında PYD/YPG terror təşkilatının əsas mərkəzlərindən biridir. Türkmən şəhəri olan Telabyad hazırda PYD/YPG-nin işğalındadır. Qamışlı və Telabyadda ABŞ hərbi bazaları var.
Mənbə:> APA