Jirinovski həlak olan 300 rusiyalı barədə – VİDEO
Rusiyada prezidentliyə namizəd, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski cümə günü 300 rusiyalı ailənin “başsız” qaldığını bildirib.
Oxu.Az xəbər verir ki, Jirinovski bu bəyanatında Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hökumət qüvvələrinə zərbələr endirməsi zamanı baş verən hadisəni nəzərdə tutub.
“Hazırda Suriyada böyük qrup həlak olub. Qadınlar dul qalıb. Onların rəsmi hərbi qulluçu olmamaları vacib deyil, onlar bizim rus kişiləri idi. 300 ailə atasız, ərsiz qaldı”, - deyə Jirinovski mətbuat konfransında bildirib.
Xatırladaq ki, ötən həftə Qərb mediasında koalisiya qüvvələrinin “müdafiə xarakterli” aviazərbəsi nəticəsində Suriya hərbi birləşmələri ilə yanaşı, “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin böyük itki verdiyi, ÖHŞ-də xidmət göstərən çox sayda rusiyalının həlak olduğu barədə xəbərlər yayılıb.
200-dən çox insanın həlak olduğuna dair məlumatlar var. Hətta həlak olan bəzi insanların adları təqdim olunub. Onların arasında rusiyalı milli bolşevik fəalı Kiril Ananyev də yer alır.
Mənbə:> Oxu.Az