ABŞ Məhkəməsi: Trampın Miqrasiya fərmanı müsəlmanların hüquqlarını tapdayır
ABŞ-ın Virciniya ştatının Apellyasiya Məhkəməsi ölkə prezidenti Donald Trampın 6 müsəlman ölkəsindən olan vətəndaşların Birləşmiş Ştatlara gəlişinə müvəqqəti qadağa qoyan Miqrasiya fərmanının müsəlmanları ayrı-seçkiliyə məruz qoyması barədə qərar çıxarıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda deyilir ki, məhkəmə bunun həm də Amerika Konstitusiyasına zidd olduğunu bildirib.
"Prezident Trampın və icra hakimiyyətinin digər rəsmi şəxslərinin rəsmi bəyanatlarını, həmçinin bəyannaməni (Miqrasiya fərmanı – red.), araşdıraraq bu nəticəyə gəldik ki, bəyannamədə İslamla bağlı düşmənçilik var və buna görə Konstitusiyaya ziddir", - deyə hakim Rocer Qreqorinin qərarında vurğulanır.
Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra əhalisi əsasən müsəlmanlardan ibarət olan 7 ölkə vətəndaşlarının ABŞ-a girişinə 90 günlük qadağanın tətbiqi haqqında fərmanı imzalayıb. Bunlar: İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudandır. Sonradan İraq bu siyahıdan çıxarılıb.
ABŞ-ın bir neçə federal məhkəməsi bir qədər sonra fərmanı bloklamaq barədə qərar qəbul ediblər. Ötən ilin iyununda ABŞ Ali Məhkəməsi sənədin hüquqi qüvvəsini qismən bərpa edib.
Mənbə:> Virtualaz.org