Dağıstan Respublikasına yeni baş nazir təyin etdilər
Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.
Digər sərəncamla V.Vasilyev region hökuməti başçısının birinci müavini Anatoliy Karibovu müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.
Dağıstan Respublikasının hökumətinə yeni kabinet formalaşana qədər öz funksiyalarının icrasını davam etdirmək tapşırılıb.
Xatırladaq ki, bu gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.
Mənbə:> TASS